Hüquqi yardımla bağlı bu dəyişiklik edildi

Müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinin qərara verdiyi izahda qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllədə nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır.

Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət var.

Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.

Əvvəlki məqaləKarantin rejimi ilə bağlı vətəndaşlara çağırış edildi
Növbəti məqaləVəkillərə hüquqi yardımla bağlı vəsait bu qaydada ödəniləcək