Müharibə əlillərinin övladlarına ödənişsiz təhsil hüququnun verilməsini təklif edildi

Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlayn iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Onlayn iclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Qanun layihəsi müzakirələrdən sonra yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Onlayn iclasda gündəmin aktual məsələlərindən olan “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri” ilə bağlı komitədaxili dinləmə keçirilib.

Komitənin üzvü Soltan Məmmədov mövzu ilə bağlı məlumatları diqqətə çatdırıb.

Deputat onlayn iclas iştirakçılarının nəzərinə çatdırıb ki, ilin əvvəlində koronavirus testlərinin aparılması üzrə ölkədə cəmi 6 laboratoriya fəaliyyət göstərirdisə, artıq belə laboratoriyaların sayı 40-ı keçib. İstifadə edilən reaktivlər ən yüksək standartlara cavab verir. Soltan Məmmədov virusla mübarizədə Azərbaycan səhiyyə sisteminin rolu, stasionar tibbi personalın hazırlıq səviyyəsi ilə bağlı ətraflı danışıb. O, vurğulayıb ki, yoluxma səviyyəsinə uyğun olaraq koronavirusa yoluxmuş xəstələr 46 dövlət xəstəxanasında müalicə ala bilirlər. Tələb olunan avadanlıqlar, çarpayı sayı, modul tipli xəstəxanaların sayı kifayət qədər artırılıb.

Komitə üzvü COVİD-19 pandemiyası dövründə aparılan maarifləndirmə xarakterli tədbirlərdən də söz açıb və pandemiyanın ölkənin sosial-iqtisadi vəziyyətinə təsirləri barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin hazırkı yoluxma statistikası ürəkaçan olmasa da, onun minimuma endirilməsi üçün hamı birlikdə mübarizə aparmalıdır. Deputat indiki şəraitdə daha çox məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü deyib və hər kəsi qaydalara ciddi riayət etməyə çağırıb.

Sonra komitədə “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair” komitədaxili dinləmə keçirilib.

Məsələ ilə bağlı məlumat verən komitə üzvü Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq, hər şəhid ailəsinə 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilir. Hər şəhid ailəsinə 300 manat Prezident təqaüdü verilir. Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanır.

Deputat bildirib ki, mənzil təminatı da daxil olmaqla belə ailələr üçün fərqli dəstək mexanizmləri icra olunmaqdadır. Müharibə əlilləri üçün 12 birbaşa və təşviqedici güzəşt icra edilir. Birinci, ikinci və üçüncü qrup müharibə əlillərinə müvafiq olaraq 8800 manat, 6600 manat, 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir. Əmək pensiyası almaq hüququ olmayan əlillərə (hərbi xidmət dövründə xəstələnmə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) – I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə 110 manat məbləğində sosial müavinət verilməsi müəyyən olunub. Belə şəxslərə müvafiq qaydada 250 manat, 230 manat və 210 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyə görə mülki vətəndaşlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 261 manat, hərbi qulluqçulara ödənilən əmək pensiyasının orta aylıq məbləği isə 515 manat təşkil edir. Onlar üçün pulsuz tibbi müalicə kursları tətbiq edilir.

Vüqar Bayramov bildirib ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri məşğul hesab olunurlar. Xeyli sayda şahid ailələri və müharibə əlillərinin pay torpaqları var və onlar məhz bu səbəbdən məşğul hesab olunurlar. Bu da bir sıra hallarda belə ailələrin sosial proqramlara çıxış imkanlarını məhdudlaşdırır. Deputat bu məhdudiyyətin aradan qaldırılması ilə bağlı qanunvericiliyə yeni maddənin əlavə edilməsini təklif edib.

Deputat müharibə əlillərinə güzəştli ipoteka krediti almaq hüququnun verilməsi, müharibə əlillərinin övladlarına da şəhid ailələrində olduğu kimi dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişsiz formada təhsil almaq hüququnun verilməsi ilə bağlı təkliflərini səsləndirib.

Komitə üzvləri Rauf Əliyev, Ziyad Səmədzadə, Səttar Mehbalıyev, Əziz Ələkbərli, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Arzu Nağıyev, İlham Məmmədov, Aqil Məmmədov müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda hər iki dinləmənin pandemiya bitdikdən sonra geniş auditoriyada, aidiyyəti icra hakimiyyəti orqanlarının, mütəxəssislərin və QHT nümayəndələrinin iştirakı ilə keçirilməsi qərara alınıb.

Əvvəlki məqaləHərbi vəziyyət ləğv edilir
Növbəti məqaləƏmanətlərin qaytarılması qaydası dəyişir