Hüquqşünas: “Azərbaycanda Avropa konvensiyasına əməl olunmur”

Avropa konvensiyasının bir çox maddəsi üzrə hüquqların pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan (AİHM) şikayətlər daxil olmaqda davam edir. Ancaq son illər bu şikayətlər daha çox mülkiyyət hüququnun pozulması, toplaşma, ifadə, hərəkət, seçki, və s. hüquqlara məhdudiyyətlərlə bağlıdır. Bu fikri Media Hüququ İnstitutunun sədri, hazırda Avropada yaşayan Rəşid Hacılı Turan-a müsahibəsində söyləyib.

Yaşamaq hüququnun pozulmasına dair şikayətlər var. Bir çox işdə hətta 13-cü maddə (effektiv müdafiə vasitələri hüququ) qaldırılır.

AHİM Azərbaycana qarşı 18-ci maddənin (İlqar Məmmədovun işi üzrə hüquqlarla bağlı məhdudiyyətdən istifadənin həddi) pozulduğunu da tanıyıb, baxmayaraq ki, bu, nadir hallarda tətbiq edilir.

Azərbaycanın AİHM-in qərarlarını yerinə yetirməsinə gəlincə, hökumət ərizəçilərə kompensasiya ödəməklə öz işini bitmiş hesab edir. Ancaq ümumi xarakterli tədbirlər, (pozuntuların aradan qaldırılması da daxil olmaqla) həyata keçirilmir.

R.Hacılı özünün AİHM-də apardığı işlər üzrə təcrübəyə istinad edib. Məsələn, hökumət jurnalist Aqil Xəlilin işi üzrə bəyan etdi ki, pozuntunu aradan qaldıracaq. Lakin bir neçə ildən sonra kompensasiya ödənişindən başqa heç bir şey olmadı.

Heç bir məhkəmə qərarına baxılmadı, jurnalistə qarşı zorakılıqda və təqiblərdə əli olan şəxslər cəzalandırılmadı. Başqa işlərlə bağlı vəziyyət də belədir.

“Çox təəssüf ki, hökumət işlərə yenidən baxmır, pozuntuların aradan qaıdırılması üçün addımlar atmır, məhkəmə praktikasının yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi üçün heç bir iş görmür”, – R.Hacılı bildirib.

Azərbaycan məhkəmələri AİHM-in qərarlarından presedent kimi istifadə edirmi?

Bu sualın cavabında A.Hacılı deyib: “Azərbaycanın Avropa Şurasına üzvlüyü, ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına düşməsi o deməkdir ki, onun qərarları, ümumilikdə, Avropa konvensiyası Azərbaycanda birbaşa tətbiq olunmalıdır. AİHM-in qərarları və Avropa məhkəməsinin presedent hüququ Azərbaycan məhkəmələri tərəfindən birbaşa tətbiq olunmalıdır”.

Bəzi işlərdə AİHM-in qərarlarına istinadlar var. Belə hallar Konstitusiya, Ali məhkəmələrinin, aşağı məhkəmə instansiyalarının qərarlarında olub. Ancaq onlar fraqmentar xarakter daşıyır, sistemli yox.

“Təəssüf ki, siyasi xarakterli, məsələn, işğəncələrlə bağlı işlərdə bu, yoxdur. Bu, qanunvericilikdə də aydın əks olunmayıb. Əslində məhkəmə praktikasında eyni pozuntular təkrarlanır. Bundan əlavə, AİHM-in qərarından sonra da hüquqların pozulması davam edir. Bu, onu göstərir ki, hökumət Strasburq məhkəməsinin qərarlarından nəticə çıxarmır”, – R.Hacılı qeyd edib.

Vəziyyəti necə düzəltmək olar? Bu sualın cavabında A.Hacılı deyib ki, ilk növbədə hakimlər, prokurorlar, müstəntiqlər, cəzaçəkmə yerlərində nəzarəti həyata keçirən orqanlar qanunvericiliyi öyrənməlidir. Bütün məhkəmə instansiyalarında AİHM-in presedent qərarları geniş tətbiq edilməlidir.

Bundan başqa sözügedən şəxslər bilməlidir ki, Avropa konvensiyası ilə təsbit edilmiş hüquqların pozulmasına yol versələr və bu, AİHM tərəfindən tanınarsa onların hərəkəti nə ilə nəticələnəcək.