Bakı Təhsil İdarəsi I sinfə qəbulla bağlı ləngimələrə aydınlıq gətirib

Bu gün saat 10:00-dan Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və yaxud Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər.

“Hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müəyyən ləngimələr müşahidə oluna bilər. Uşaqların I sinfə elektron qeydiyyatı prosesinin Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-dək olan müddətdə davam etdiyini nəzərə alaraq, qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur”, – İdarədən bildirilib.