Komissiya sahibkarlara xəbərdarlıq edib

Bu ilin yanvar ayı ərzində ölkə üzrə rəsmiləşdirilən əmək müqavilələrinin sayı 64.140 ədəd, xitam verilən müqavilələrin sayı 50.475 ədəd olub.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən APA-ya verilən məlumata görə, bağlanan əmək müqavilələrinin sayında artımı ümumilikdə 13.665 ədəd təşkil edib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası nəzərə çatdırır ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası bildirir ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilmişdir və vətəndaşlar işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-rəsmi əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar: “Əmək haqqını qeyri-rəsmi alan işçilər ödənişli məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, güzəştli ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olacaq. Çünki işçiyə ödənilən rəsmi əmək haqları – gələcək üçün sabit sosial təminatın təməlidir”.