Bağçalarda uşaqların pulsuz müalicəsi qaydası açıqlanıb

Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qayda məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydasını müəyyən edir.

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsində müalicə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan uşaqlara təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə göstərilir. Uşağa göstərilən əlavə müalicə-bərpa xidmətinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir.