Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin hansı təminatları var?

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin 6 aydan az müddətə əmək fəaliyyətini həyata keçirə bilməməsini nəzərdə tutur. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv olunması qadağandır.

Əmək müqaviləsinə xitam verilməsi üçün əsas:

Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilir.

Əmək qabiliyyətinin tam itirilməsi nədir?

Əmək qabiliyyətinin tam itirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (TSEK-in)  rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı 1 (bir) il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir.

  • Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
  • Müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraqəmək pensiyasının minimum məbləğinin (200 manat)  25 mislindən ( 5000 manatdan) artıq ola bilməz.

İcbari sığorta:

  • Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də onun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasıdır.
  • İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
  • İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir.

İşçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar işəgötürənin maddi məsuliyyəti:

  • İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

Qeyd: Nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. 

Digər məsələlər:  

  • İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.
  • Əmək məzuniyyətinin yaranmasına əsas verən əmək stajına işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr də daxil edilir.
  • İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə onun təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
  • İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
  • İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 185