Dövlət rüsumu hansı hallarda geri qaytarılır?

Dövlət rüsumu nədir?

Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Dövlət rüsumunun ödəyiciləri kimlərdir?

“Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.

Dövlət rüsumu hansı qaydada ödənilir?

  • Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir.
  • Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.
  • Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

Dövlət rüsumu hansı hallarda geri qaytarılır?

  • qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;
  • Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə;
  • ərizə geri qaytarılarsa;
  • iş üzrə icraata xitam verilərsə;
  • ərizə baxılmamış saxlanılarsa;
  • apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə.

Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumu hansı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır?

“Dövlət rüsumu haqqında” qanuna əsasən həmin hallar bunlardır:

  • Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə (dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır);
  • ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
  • məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

Dövlət rüsumunun qaytarılma müddətləri:

  • Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır;
  • Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər;
  • Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Benefisiar.org

Oxunub: 222