Köçkünlər problemlərinin həllini tələb edirlər

Rövşən Rzayev: “Qəzalı binalarda məskunlaşan məcburi köçkünlər yaxın vaxtlarda yeni mənzillərə köçürüləcək”

Mayın 15-də qaçqın və məcburi köçkünlərdən ibarət böyük bir qrup Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Turan İnformasiya Agentliyinin  məlumatına görə, müxtəlif rayonlardan gələn adamlar evsizlikdən, “çörək pulları”nın kəsilməsindən, “müavinətlərin dondurulmasından” şikayət edirlər.

Komitədə qəbul ayda bir dəfə, hər ayın 15-də olduğu üçün adamlar Komitənin önünə bu gün toplaşıblar.

Qaçqın və köçkünlərin qəbulunda xaotikliyin yaşandığı özünü dərhal göstərir və elə buna görə də etirazlar səslənir: “Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin, ona görə də burada qarışıqlıq düşdü”, – qaçqınlardan biri deyib.

Onlar Komitənin laqeyd münasibətindən və problemlərə başdansovdu yanaşmasından şikayət edirlər: “Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-dan çox məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır, bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır”, – qaçqınlardan biri bildirib.

Vətəndaşlardan biri isə 4 uşaqla 12 kvadratmetrlik yataqxanada yaşadığını, neçə illərdir bu barədə müraciətlər etsə də problemin həllini tapmadığını deyir.

Digər vətəndaş isə deyir ki, qolu şikəstdir, işləyə bilmir, 5 nəfər ailə üzvünün çörək pulunu kəsiblər və bunun bərpa olunmasını istəyir.

Eyni zamanda bu kateqoriyadan olan ölkə vətəndaşları Komitənin yerli şöbələrinin fəaliyyətindən də narazılıq ifadə edirlər.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev vətəndaşların qarşısına çıxaraq onların şikayətlərini dinləyib. O bildirib ki, Komitə heç zaman bu insanlara laqeyd yanaşmayıb, sadəcə, hamını qəbul etməyə vaxt çatmır.

İ.Mirzəyev deyib ki, bundan sonra qəbul ayda bir dəfə yox, ayda dörd dəfə olacaq.

Ancaq vətəndaşlar hələ də Komitənin önündə toplaşıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə keçirilən qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri əsasən mənzil təminatı ilə bağlı olub.

Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir. Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb.

Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hər tərəfli izahat verilib.

Dövlət Komitəsinin  sədri  müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib