Hüquq elmi 2 əsas istiqamətə bölünür:
- ümumi hüquq
- xüsusi hüquq
Ümumi hüquq dövlət və cəmiyyətin ümumi maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Və bir tərəf həmişə dövlətdir. Dövlət, inzibati, cinayət, maliyyə və. s hüquqi sahələri əhatə edir. Xüsusi hüquq müəyyən subyektlərin maraqlarından irəli gələn münasibətləri tənzimləyir. Mülki, ailə, əmək, ticarət və.s hüquqi sahələri əhatə edir.
Bu iki hüquq sahəsi arasındakı fərqləri bilmək vacibdir. Bu məqalədə, Ümumi və Xüsusi hüququn fərqləri nəzəri cəhətdən izah ediləcək və praktikada tətbiqinə dair məlumat veriləcəkdir. Məqsədimiz oxucular üçün, bu mövzunu aydın şəkildə izah etmək və bu sahədə hüquqi bilikləri genişləndirməkdir.
Ümumi və xüsusi hüquq bölgüsü hüquq sisteminin struktur etibarilə təsnifatını əks etdirir. Təsnifatlara bölünmə isə hüquq sisteminin iki cəhətindən biri olan hüquq sisteminin ayrı-ayrı tərkib hissələrinə bölünməsi üçün xarakterikdir.
İştirakçısı dövlət və ya dövlət orqanları olan münasibətlər ümumi hüququn tənzimetmə predmetini (konstitusiya hüququ, maliyyə hüququ və s.), vətəndaşlar, həmçinin onlarla təşkilatlar arasındakı münasibətlər isə xüsusi hüququn tənzimetmə predmetini əks etdirir (mülki hüquq, ailə hüququ və s.).
Bu bölünmənin tarixi kökləri Roma hüququnun izlərini daşıyır. İlk dəfə olaraq belə təsnifatı ius publicum (ümumi hüquq) və ius privatum (xüsusi hüquq) şəklində olaraq, Klassik Roma hüquqşünası Ulpian Dominitsi həyata keçirmiş və anlayışlarını izah etmişdir. Ulpiana görə, hüququn tədrisi üçün ümumi hüquq və xüsusi hüquq olmaqla, iki hərəkət nöqtəsi vardır. Ümumi hüquq dövlət idarəetməsi ilə əlaqədardır və rahib, magistra, dini mərasimlərlə bağlı münasibətləri tənzimləyir. Xüsusi hüquq isə fərdlərin mənafeyi ilə bağlıdır və əsasını təbii hüquq, əcnəbilər hüququ və vətəndaş hüququndan almaqla, ailə, mülkiyyət, fərd və bunun kimi digər münasibətləri tənzimləyir.
Müasir dövr Roma hüququ tədqiqatçıları tərəfindən Ulpianın bu bölgüsünün mənafelər üzərindən yox, məhz didaktik məqsədlə, pozitiv hüququn sahələrini hüququ öyrənməyə çalışanlara göstərdiyi qəbul olunsa da (positiones studii), bu bölgü bütün inkişaf etmiş ölkələrin hüquq sistemində özünə məxsus formada qəbul edilməklə yanaşı, öz əksini tapmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən, ümumi (publik) hüquq münasibətləri bir tərəfin digərinə tabeliyinə və məcburiliyə əsaslanır, bu da dövlət orqanının hakimiyyət səlahiyyətlərini və fərdlərin qanundan irəli gələn öhdəliklərini əhatə edir. Publik hüquq normaları imperativ xarakter daşıyır və əsasən dövlət və cəmiyyətin maraqlarını tənzimləməyə yönəlmişdir. Xüsusi (mülki) hüquq münasibətləri isə tərəflərin bərabərliyinə, sərbəst iradəsinə və sərəncam sərbəstliyinə əsaslanaraq koordinasiya xarakterlidir. Bu münasibətlər dispozitiv normalarla tənzimlənir və əsasən əmlakın mübadilə xarakteri daşıdığı hallarda tətbiq olunur. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, məcburi dövlət sosial sığorta haqları ilə bağlı münasibətlər mahiyyət etibarilə publik hüquq münasibətidir və bu səbəbdən, qanunvericilikdə xüsusi qayda nəzərdə tutulmayıbsa, Mülki Məcəllənin müddəaları tətbiq edilə bilməz. Publik hüquqda tərəflər arasında şaquli hakimiyyət-tabeçilik əlaqəsi mövcuddur, lakin mülki hüquqda tərəflərin bərabərliyi əsas prinsipdir. Sosial sığorta haqlarının ödənilməsi məcburiliyi qanunla tənzimlənir və bu sahədə iradə sərbəstliyi mümkün deyil. Bununla yanaşı, Mülki Məcəllənin 2.5-ci maddəsində nəzərdə tutulmuş “qanunvericilikdə ayrı qayda” müddəası ümumi hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini yalnız qanunvericinin birbaşa göstərişi olduğu halda mümkün edir. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, vergi öhdəlikləri müəyyən hallarda Mülki Məcəllənin müddəalarına əsaslanaraq yerinə yetirilir. Beləliklə, məcburi dövlət sosial sığorta ilə bağlı məsələlərdə ümumi və xüsusi hüququn fərqləndirilməsi qanunvericiliyin düzgün tətbiqini təmin edir.
Elə hüquq sahələri də var ki, onlarda həm ümumi, həm xüsusi hüququn elementləri olur. Bunu ekologiya hüququ üzərindən nümunə ilə izah edək. Ekologiya hüququ, cəmiyyətin ekoloji rifahını təmin edən, ətraf mühitin qorunması və təbii ehtiyatlardan ağıllı istifadənin hüquqi əsaslarını yaradan, insanın təbiətlə münasibətlərini tənzimləyən bir hüquq sahəsidir.
Ekologiya hüququ əsasən ümumi hüquqa aid edilir, çünki dövlətin və cəmiyyətin maraqlarını qoruyur. Eyni zamanda xüsusi hüquqla da əlaqəsi var, çünki torpaq mülkiyyəti, ekologiya ilə bağlı müqavilələr, ətraf mühitə təsirləri nəzərə alan kommersiya fəaliyyətləri, ümumilikdə fərdi maraqların müdafiəsi kimi sahələri tənzimləyir. Ekologiya hüququ konstitusiya, inzibati və beynəlxalq hüquqla sıx bağlıdır və davamlı inkişaf prinsiplərinə əsaslanır. Bu hüquq sahəsi, həm təbiətin qorunmasını, həm də cəmiyyətin ekoloji təhlükəsizliyini təmin etməklə qlobal miqyasda əhəmiyyətlidir. Nəticə etibarilə, ekologiya hüququ əsasən ümumi hüququn alt sahələrindən biri kimi təsnif edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarında da ümumi və xüsusi hüququn fərqlərinə toxunulur. Belə ki, təbii inhisar subyektləri olan AzərQaz, AzərSu, Azərİşıq və. s kimi qurumlar ictimai marağa xidmət etdiyindən, eləcə də ona verilmiş hakimiyyət səlahiyyətlərindən istifadə edərək inzibati akt qəbul edə bildiyindən dövlətin suveren səlahiyyətlərini həyata keçirən inzabti orqan hesab olunsa da, tərəflərdən birinin belə təbii inhisar subyekti olduğu işlərə işin mahiyyətindən aslı olaraq inzibati və mülki icraat qaydasında baxıla bilər. Konkret olsaq, plenum qərarına əsasən, TİS- lərinin publik hüquq sahəsindəki qərarlarından (başqa sözlə desək, bir tərəfli qaydada, qeyri bərabər vəziyyətdə olan subyekt barəsində, onun razılığı tələb olunmadan onun barəsində müəyyən hüquqi nəticələr yardan qərarlar), hərəkət və hərəkətsizliklərinddən irəli gələn məsələlərə işlərə inzibati icraat qaydasında baxılmalıdır. Qeyd olunan xüsusiyyətlərə malik olmayan aktlar və s digər hərəkətlər, yəni bildiriş və xəbərdarlıq xarakterli aktlardan, eləcə də müqaviləyə əsasaslanaraq hüquqi nəticə yaradan bir tərəfli aktlarla bağlı olan işlər isə mülki hüquq münasibətlərinin bir parçası sayıldığından inzibati icraat qaydasında baxıla bilməz. Bu xüsusda, plennum qərarı həmin bu tip müqavilələrin (TİS ilə abonent arasında müştəri müqavilələri) inzibati müqavilə sayıla bilmədiyini əsaslandırmışdır. Belə ki, hər nə qədər təbi inhisar subyekti ilə bağlanan müştəri müqavilələrinin şərtləri standart, tərəflər qeyri bərabər olsa da (abonent müqavilənin heç bir müddəsın dəyişdirə bilmir və xidmətlər daxili bazarda yalnız həmin təbii inhisarçı tərəfindən verildiyindən həmin müqaviləni qəbul etmək məcburiyyətində qalır), qanunvericiliyin TİS-lər üzərində qoyduğu tələblərlə (dövlət tərəfindən müəyyənləşdirilən xüsusi tarif qiymətləri və TİS-lərin müqavilə bağlamaq məcburiliyi) bu tip müqavilələrdə abonentlə TİS-i hüquqi cəhətdən bərabərləşdirir və nəticə etibari ilə müştəri müqavilələri inzbati müqavilə sayıla bilmir, mülki hüquq münasibıtlərinin bir parçası kimi çıxış edir. Plennum bu izaha əsaslanaraq belə qərara gəlir ki, TİS-lərin mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi aktlara mülki icraat qaydasında baxılmalıdır. (İnzibati İcraat haqqında qanunun 2.0.2 maddəsinə əsasən akt publik hüquq sahəsinə aid olarsa inzibati akt sayılır). Beləliklə yuxarda qeyd olunanları nəzərə alaraq, plennum qərarına əsasən, təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı mübahisələrə inzibati və ya mülki icraat qaydasında baxılması məsələsi tərəflər arasındakı hüquq münasibətlərinin mahiyyəti və aktın hüquqi xarakterindən asılı olaraq müəyyən edilir. Bu yanaşma hüquqi rejimin düzgün tətbiqinə və tərəflərin hüquqlarının balanslı şəkildə qorunmasına xidmət edir.
Bəs mülki hüquq? Onun xüsusi hüquq olmasını necə əsaslandıraq? Azərbaycan Respublikasının Mülki Məcəlləsindən aydın olur ki, o, xüsusi hüquq sahəsinə aiddir. Çünki, Mülki Məcəllə fiziki və hüquqi şəxslər arasında mülki, əmlak və qeyri-əmlak xarakterli məsələləri tənzimləyir. Bu məsələlər fərdlərin iradə azadlığı və müqavilə azadlığı prinsiplərinə əsaslanır. Lakin Mülki məcələnin bəzi müddəaları ümumi hüquqa aid ola bilər. Bu onu göstərir ki, ümumi hüquq prinsipləri xüsusi hüquq münasibətlərində də tətbiq oluna bilər.
Nəticə olaraq, belə yekunlaşdıra bilərik:
Xüsusi hüquq, bərabər hüquqlu subyektlər, şəxslər arasında olan qarşılıqlı əlaqələri tənzimləyən hüquq sisteminin bir hissəsidir. Ümumi hüquq, fiziki və hüquqi şəxslərlə hökumət arasında olan münasibətləri, bir dövlət daxilindəki müxtəlif qurumlar arasındakı əlaqələri, hökumətin müxtəlif qolları arasındakı münasibətləri, əlaqələri tənzimləyən hüquq sahəsidir.
MƏNBƏLƏR:
- Məlikova, Hüquq nəzəriyyəsi, 2023, səhifə 222, səhifə 225
- Ö.Sögütlü, Roma Özel Hukuku, 2022, səhifə 158-159
- Konstitusiya Məhkəməsinin qərarları
- Mülki Məcəllə
- Vergi Məcəlləsi
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
Müəlliflər:
- Səbinə Səmədova, Naxçıvan Dövlət Universiteti, Hüquqşünaslıq
- Ayla Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Hüquqşünaslıq
- Xəyyam İslamov, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq
- Aytən Mirzəyeva, Bakı Dövlət Universiteti, Ekologiya
- Yunsur Bağırov, ADA Universiteti, Hüquqşünaslıq
- Röya Mirtalıbova, hüquqşünas
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.