Təhsil Nazirliyinin şöbə müdiri bu məsələyə aydınlıq gətirib
“Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var”.
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var: “Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq”.
E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir: “Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq”.