Sahibkarla İcra başçısı arasında məhkəmə çəkişməsi davam edir

Şikayətçi sahibkar Pərvanə İsgəndərovanın mülkü Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanında yerləşən binada yaşayırdı. XIX əsrə aid olan bu bina Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü. Buna baxmayaraq Gəncə şəhər İcra hakimiyyəti rəhbərliyi qəzalı vəziyyətdə olduğunu bəhanə gətirərək həmin binanın sökülməsinə göstəriş verdi. Azərbaycan Respublikasının qanunvericiliyi isə tarix və mədəniyyət abidələrinin sökülməsini birbaşa qadağan edir.
Elə bu qanun qadağalarına, həm də mülk sənədləri qaydasında olduğuna görə P.İsgəndərova həmin vaxt cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanındakı uçurulmuş binada qeyri-yaşayış sahələri olan mülkiyyətçinin, həmin binanın yerində inşa edilməklə, uyğun qeyri-yaşayış sahələri ilə təmin edilməsi və dəymiş zərərin ödənilməsi barədə” iddia tələbi irəli sürmüşdü. Ancaq qanundan çox icra hakimiyyətinin göstərişləri əsasında qərar verən məhkəmə sahibkarın iddiasını təmin etməmişdi. Sonra yuxarı instansiyalara şikayətlər ünvanlanmışdı.
Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli qərarından P.İsgəndərovanın verdiyi apelyasiya şikayətini Gəncə Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası 16 oktyabr 2015-ci il tarixli qərarı ilə qismən təmin etmişdi. “Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən ləğv olunub və iddia tələbi qismən təmin edilməklə, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti ilə A.Abbaszadə küçəsinin kəsişməsində tikilən binanın birinci mərtəbəsindən 46 kv. metr qeyri-yaşayış sahəsinin İsgəndərova Pərvanə Cəfər qızına verilməsi vəzifəsi” Gəncə şəhər İcra Hakimiyyətinin üzərinə qoyulub, qalan hissədə isə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdı.
P.İsgəndərovanın Gəncə Apelyasiya Məhkəməsinin həmin qərarından verdiyi kassasiya şikayətini öz növbəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 21 aprel 2016-cı il tarixli qərarı ilə qismən təmin edib, Gəncə Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2015-ci il tarixli qərarını ləğv edərək, təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarmışdı.
İşə təkrar baxan Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 07 oktyabr 2016-cı il tarixli qərarı ilə iddiaçı P.İsgəndərovanın apelyasiya şikayətini təmin etməyib, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2015-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdı.
Əslində iddiaçı tərəf Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin Ali Məhkəmədə birbaşa təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdi. Lakin Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarmışdı. Kassasiya instansiyası məhkəməsinin qərarında işə apelyasiya qaydasında yenidən baxan məhkəməyə uçurulmuş binanın yerində inşa edilən yeni binada iddiaçını uyğun qeyri-yaşayış sahələri ilə təmin etməyin mümkünlüyünü araşdırmaq göstərişi verilmişdi. Lakin hakim Şamil Rzaquliyevin sədrliyi ilə işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin həmin göstərişini icra etməmişdi.
Apellyasiya instansiyası məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli növbəti qərarında bu məsələ ilə bağlı qeyd olunur: “…Mübahisəli ünvana tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən vizual baxışla müəyyən edildi ki, həmin ünvanda 7 mərtəbəli bina inşa edilmiş və hazırda orada təmir işləri görülür. Buna görə də məhkəmə hesab edir ki, həmin yerdə inşa etməklə iddiaçının müvafiq qeyri-yaşayış sahələri ilə təmin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması hazırki şəraitdə mümkün deyildir”.
İddiaçı tərəfsə Apelyasiya Məhkəməsinin bu barədə gəldiyi nəticəni tamamilə əsassız sayır: “Belə ki, əldə etdiyimiz, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 03 aprel 2014-cü il tarixli, 377 nömrəli sərəncamı ilə müəyyən edilir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınmaqla, Gəncə şəhəri, Cavadxan küçəsi, 34 nömrəli ünvanda yerləşən 840,0 kv. metrlik torpaq sahəsində “Biznes Mərkəzi” adlı bina tikilməsi nəzərdə tutulmuşdur. Həmin tikilinin sifarişçisi Gəncə şəhər İcra Hakimiyyətidir. Məhkəmənin tərəflərin iştirakı ilə vizual baxış keçirdiyi tikili də məhz həmin tikilidir. Deməli, iddia tələbini təmin etmək üçün həmin ərazidə əlavə torpaq sahəsinin axtarışına və iddiaçı üçün yeni qeyri-yaşayış sahəsinin inşa edilməsinə ehtiyac qalmır. Çünki cavabdeh təşkilat olan Gəncə şəhər İcra Hakimiyyəti iddiaçını öz sifarişi əsasında inşa etdirdiyi, “Biznes Mərkəzi” adlanan həmin binada da uyğun yerlə təmin edə bilər. İddiaçının tələbi də məhz həmin yerdə inşa edilən binada müvafiq yerlə təmin edilməsindən ibarətdir”.
Vəkil Əlibaba Rzayevin sözlərinə görə, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Zakir Quliyevin sədrliyi ilə 08 fevral 2017-ci ildə baxılıb və şikayət qismən təmin edilib.
İşə Gəncə Apelyasiya Məhkəməsində hakim Azər Bayramovun sədrliyi ilə yenidən baxılır. Məhkəmə baxışı 25 aprelə təyin olunub.
Beləcə iki ildən artıqdır sahibkar məhkəmələrin ötür-ötür oyununun iştirakçısına çevrilib. Aşağı instansiyanın qanunsuz qərarından şikayətlər addım-addım ən yüksək instansiyaya gedib çatır, orada işə baxılır, ədalətli qərar çıxarılması üçün iş yenidən əvvələ – qanunsuzluqların baş verdiyi yerə qaytarılır. Bu illər ərzində isə sahibkar həm özü qazancından olub, həm də müəssisəsində çalışanlar işsiz qalıb.
Görəsən, məhkəmənin növbəti qərarı necə olacaq?!

 

Rövşən Hacıbəyli

“Azadlıq” qəzeti