Əmək Müfəttişliyi: +41 dərəcədən yuxarı havada işlər dayandırılsın

Əmək və Əhalinin Sosial Müadafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət ünvanlayib. Xəbəri Müfəttişlik yayıb.

Qurumun müraciətinin əsas mahiyyəti son vaxtlar havaların isti keçməsi, bununla bağlı kəskin isti hava olan zaman işçilərin sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlər görülməsilə bağlıdır.

Müfəttişlik Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən yuxarı olduqda açıq havada, eləcə də sərinləşdirici sistemi olmayan qapalı məkanlarda işlərin dayandırılmalı olduğunu xatırladır: “Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir”.

Müfəttişlik bildirir ki, həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir, boşdayanma işçinin təqsiri üzündən baş vermədikdə tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

 

Turan