Məscidin sökülməsi haqqında qərara görə məsuliyyət icra başçısının üzərinə qoyulub

Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bunun səbəbi göstərilməyib və sadəcə Konstitusiyanın 124-cü maddəsinin 2-ci hissəsinə istinad olunur ki, bu maddəyə əsasən, prezident yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini işə təyin və işdən azad edir.

Mehdiyevin işdən çıxarılmasının səbəblərini prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov izah edib.

Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, Mehdiyev Bakının keçmiş “Sovetski” küçəsində yerləşən Hacı Cavad məscidinin sökülməsi haqqında özbaşına qərar qəbul etdiyinə görə cəzalandırılıb.

Həsənov xatırladıb ki, prezident Əliyev apreldə dindarlar üçün yeni məscid tikilənə qədər bu məscidin sökülməməsi barədə göstəriş verib.

Yeni məscidin tikilməsi üçün Yasamal qəbirstanlığı yaxınlığında yer ayrılıb və işlər artıq başlayıb.

“Bəzi vəzifəli şəxslər cənab prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış “Hacı Cavad” məscidinin sökülməsi barədə özbaşına qərar qəbul ediblər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib”, deyə Həsənov bildirib.

Onun sözlərinə görə, bu prosesin əsas təqsirkarı rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev olub və o, tutduğu vəzifədən azad edilib.

Mehdiyevi cəzalandırmaq üçün əvvəllər də bir çox səbəblər var idi. Misal üçün, təzminat ölçüsü ilə razılaşmayan sakinlərin hələ evləri tərk etmədiyi halda, buldozerlər “Sovetski”də evləri sökərkən, və ya İnternetdə Mehdiyevin məhz Hacı Cavad məscidinin aqibəti ilə bağlı sual verən xanım jurnalistə kobud cavab verib onu itələdiyini əks etdirən videokadrlar yayıldıqda.

Contact.az