Nazirlik Müstəqillik Gününü bayram günü kimi qeyd edilməsini təklif edib

Hüquqşünas Sübhan Həsənli: “Təklifləri gözdən keçirəndə, xeyli sayda mühüm, müsbət və neqativ dəyişiklər təklif olunduğunu gördüm. Amma nədənsə heç yerdə bu barədə müzakirə görmədim”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 18 Oktyabrı – Dövlət Müstəqilliyi Gününün bayram günü kimi qeyd olunmasını təklif edib. Bu barədə hüquqşünas Sübhan Həsənli öz facebook səhifəsində yazıb.

Sübhan Həsənli bildirib ki, ƏƏSMN Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik layihəsini təklif edib: “Qanunvericilik layihəsinin geniş ictimaiyyətə çıxarılmasının məqsədi “vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin rəy, irad və təkliflərinin alınması məqsədi” daşıdığı deyilir. Təklifləri gözdən keçirəndə, xeyli sayda mühüm, müsbət və neqativ dəyişiklər təklif olunduğunu gördüm. Amma nədənsə heç yerdə bu barədə müzakirə görmədim.
Əmək Məcəlləsi kimi insanları yaxından maraqlandıran bir mövzuda bu tip köklü dəyişikliklərlə bağlı ən azı ciddi müzakirə getməli idi. Yəqin ki, gözləyirik ki, təklif qanuniləşsin, daha sonra harda neqativ hal gördük, etiraz edək.

O qədər boş yerlərə enerjimizi itiririk ki, əsas məsələlər kənara qalır. Sonra da, vətəndaş qalır dövlət orqanları ilə üz-üzə. Halbuki, Vətəndaş cəmiyyəti institutları ekspertləri, hüquqşünasları cəlb etməli, araşdırma aparılmalıdır ki, bu təklif edilən dəyişikliklərdən sonra insanları nə gözləyir? Bu dəyişikliklər müsbətdirmi? Avropa standartları ilə arasında hansı fərqlər var? və.s.

Daha sonra ciddi bir sənəd halında təklif kimi nazirliyə göndərməlidir. Yoxsa ki, bu dəyişiklər Milli Məclisə gedəndən sonra 3-5 saytda 3-5 ekspertdən açıqlama alıb həyatımıza davam edirik. Bəhanəmiz də o dəqiqə hazırdır: “Onsuzda bizə qulaq asan olmayacaq”.

Hüquqşünas hesab edir ki, bu məsələ ilə bağlı araşdırma aparmağa ehtiyac var: “Hələ vaxta var və gec deyil. Layihə dekabr ayına kimi ictimaiyyətin rəy və təkliflərini gözləyir. Təəssüf ki, fərdi olaraq ancaq bir hissəsini təhlil etmək imkanım mümkündür. Ancaq maraqlanan və həvəsli hüquqşunaslar olsa, birlikdə araşdırma apara bilərik.

Dəyişiklik təklifində həm də, Müstəqillik Gününün bayram kimi qeyd olunması öz əksini tapıb”, deyə o qeyd edib.

Benefisiar.org