Əmək Müfəttişliyi Xidməti havaların qızmar keçməsilə bağlı işəgötürənlərə müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti havaların qızmar keçməsilə bağlı işəgötürənlərə müraciət edib. Xəbəri Müfəttişlik yayıb.

Müfəttişlik bildirir ki, Əmək Məcəlləsinə uyğun havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir”.

Xəbərdə deyilir ii, belə fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına uyğun ödənilməlidir, işin dayanması işçinin təqsiri üzündən baş vermədiyi üçün tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

Müfəttişlik bunu da bildirir ki, qeyd olunan hava şəraitində açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Turan