Ölkədən çıxışa qadağanı kim, necə və nə zaman qoya bilər?

Hər hansı bir iş üçün ölkəni tərk etmək istəyəndə sərhəd buraxılış məntəqəsində sizə səyahət qadağası qoyulduğunu deyə bilərlər. Amma buna qədər hansısa dövlət qurumundan qadağa ilə bağlı xəbərdarlıq almamısınız.

Bu halda nə etməlisiniz? Hara müraciət etməlisiniz və artıq səyahət xərcləriniz yaranıbsa (bilet, otel bronu və s.), xərcinizi kim ödəyəcək?

Fərid Orucov 2015-ci ildə İrana səfər edəndə Biləsuvar gömrüyündən geri qaytarılıb. Deyiblər ki, ölkədən çıxışına qadağa var, amma başqa heç bir məlumat verməyiblər.

“Mənə qadağamın səbəbi haqda ehtimalları sadaladılar, amma dedilər ki, səbəb bizim sistemdə görünmür”.

O, Bakıya qayıtdıqdan sonra Ədliyyə Nazirliyinin İcra Şöbəsinə müraciət edib və kredit borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib.

Qurumdan ona deyiblər ki, kredit borcuna görə məhkəmə işi icrada imiş, amma bu haqda ona heç kim məlumat verməyib.

“Əslində mənə məlumat verilməli idi. Bunu Səbail Rayon İcra Şöbəsindən soruşdum, amma qane edən cavab vermədilər”.

Artıq üç ildir ki, ölkədən çıxışına qadağa qoyulan Fərid Orucov deyir ki, ölkədən çıxa bilməmək həm iş, həm də şəxsi məsələlərdə müəyyən çətinliklər yaradır.

“Hər hansı işin olanda gedə bilmirsən, tətil üçün gedə bilmirsən. Hər hansı planım varsa da, bu haqda fikirləşmək istəmirəm ki, kefim pozulmasın”.

“Necə yəni qadağam var?”

Azərbaycanın digər bir vətəndaşı Nigar Məmmədliyə də qadağası haqda heç kəs xəbər verməyib. Keçən ilin sonu Gürcüstana, oradan da Türkiyəyə getməyi planlaşdırırmış, amma öz dili ilə desək, “sürprizlər imkan verməyib”.

“Səhhətimlə bağlı Gürcüstana, sonra da Türkiyəyə getməli idim. Mənə deyəndə ki, ölkədən çıxma qadağam var, bilmədim nə edim. Necə yəni qadağam var? Axı, mənə heç kim heç nə deməyib”.

O deyir ki, sərhəddə ona dəqiq heç nə deməyiblər, məcbur olub Bakıya qayıdıb.

“Soruşdum ki, qadağa nəyə görədir? Cavab verdilər ki, biz bilmirik, get, Bakıdan öyrən. Dedim əgər borcum, ya da cəriməm varsa, yerində ödəyib gedim. Dedilər bizlik deyil, Bakıda həll elə”.

Vətəndaşın adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Hazırda həm Ədliyyə, həm də Daxili İşlər Nazirliyinin elektron xidmətləri şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmətlər borcluları əhatə edir.

Digər qurumların qadağa qoyduqları şəxslərin məlumatlandırılma prosesi isə qanunvericilikdə açıq şəkildə göstərilməyib, hüquq müdafiəçiləri deyirlər.

Onların sözlərinə görə, təkcə şəxs haqqında başqa yerə getməmək barədə iltizam alınarsa, bu barədə məlumatlandırma tələb olunur.

Lakin hüquq müdafiəçiləri hesab edirlər ki, şəxs ona qadağa qoyulması haqda məlumatlandırılmalıdır.

Mülki və cinayət işlərində “stop qoyulması”

Hüquqşünas Şəhla Hümbətova deyir ki, məhdudlaşdırma mexanizmi işin növünə görə fərqlənir.

“Mülki işlərdə, borcun ödənilməsi və ya məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı işlərdə stop qoyulması üçün mütləq məhkəmə qərarı olmalıdır. İcraçı məhkəməyə müraciət edir ki, filan məhkəmə qərarı icra olunmur, ona görə də barəsində ölkədən çıxış məhdudiyyəti qoyulsun”, hüquqşünas deyir.

“Cinayət işləri ilə bağlı stop qoyulanda – məsələn, Prokurorluq, Daxili İşlər Nazirliyi – o qurumların məhkəmə qərarına ehtiyacı yoxdur. Onlar “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) girərək şəxsin adını əlavə edirlər”.

O əlavə edir ki, bu, prosessual hərəkət olduğu üçün yazılı nüsxədə təqdim olunmur.

Şəhla Hümbətova deyir ki, “əgər şübhəli şəxsə məhdudiyyət qoyulursa, bunun qanuni əsası var, bu cinayətin üstü açılması üçün şəxs gərək ölkədən çıxmasın. Amma şahidə məhdudiyyət qoyula bilməz”.

Məhdudlaşdırılma hansı hallarda ola bilər?

Ədliyyə Nazirliyi bildirir ki, vətəndaşın ölkədən getmək hüququ aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

Saxlanıldıqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, vergi tələbləri və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı məhkəmə qərarı olduqda, beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı.

Həmçinin Miqrasiya Məcəlləsində qeyd olunur ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Nazirliyin məlumatına görə, hərbi vəziyyət olarsa “Hərbi vəziyyət haqqında” müvafiq qanunvericiliyə əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər.

Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir.

Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi borcu olanları əhatə edir.

“Nə mənə, nə də vəkilimə qadağa haqda məlumat verilib”

 Emin Aslanov ölkədən çıxış qadağasının hansı qurum tərəfindən qoyulduğunu öyrənmək üçün müxtəlif qurumlara müraciət edib, amma hələ də müəyyən edə bilməyib.

ABŞ-da təhsilini bitirib Azərbaycana qayıdan gənc hüquqşünas Emin Aslanov ölkədən çıxışına qadağa qoyulduğunu xaricə səfər edərkən bilib. Hava limanında öyrənib ki, qadağa bu il mayın 30-da qoyulubmuş. Amma bu, həm də Emin Aslanovun ölkəyə qayıtdığı tarixdir.

Hüquq müdafiəçisi Azərbaycana qayıdan kimi inzibati qaydada həbs olunmuşdu.

“İnzibati cəza almışdım, məhkəmənin barəmdə verdiyi 30 gün həbs müddətimi çəkdim və azadlığa buraxıldım. Bildiyimə görə heç bir cinayət və ya mülki işdə şahid, təqsirləndirilən və ya zərərçəkmiş kimi cəlb edilməmişəm. Hər hansı vergi, kredit borcum yoxdur. Axtarılan şəxs də deyiləm. Bu zaman ölkədən çıxışıma niyə qadağa qoyulmalıdı? Səbəbini araşdırmağa çalışırıq”.

Emin Aslanov ölkədən çıxış qadağasının hansı qurum tərəfindən qoyulduğunu öyrənmək üçün müxtəlif qurumlara müraciət edib, amma hələ də müəyyən edə bilməyib.

O, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sorğu göndərib. Daxili İşlər Nazirliyi qadağanı onların qoymadığını deyib, Baş Prokurorluq isə, Aslanovun dediyinə görə, hələ də sorğuya cavab verməyib.

“Nə mənə, nə də vəkilimə qadağa haqda məlumat verilib. Bu, mənim hərəkət azadlığımın kobudcasına pozulmasıdır”, o deyir.

“Aeroportda səni niyə saxladıqları haqda heç bir cavab vermirlər”

Jurnalist Aynur Elgünəş 2015-ci ildə İsveçə səfər etməyə çalışarkən bilib ki, ölkədən çıxa bilməyəcək.

Jurnalist Aynur Qənbərova (Elgünəş) 2015-ci ildə İsveçə səfər etməyə çalışarkən bilib ki, ölkədən çıxa bilməyəcək.

Dediyinə görə, onu hava limanında saxlayaraq deyiblər ki, “ölkədən çıxış qadağanız var, ona görə də gedə bilməzsiniz”.

“Aeroportda səni niyə saxladıqları haqda heç bir cavab vermirlər. Ancaq deyirlər ki, gedin, müraciət edin”, Aynur Qənbərova deyir.

Səfərə çəkilən xərclərin kompensasiyası haqda isə jurnalistə rədd cavabı verilib.

“Elə bil böyük həbsxanadayıq”

Öz təcrübəsindən danışan Aynur Qənbərova deyir ki, nə hava limanında, nə də hansısa qurum qadağanın məhz hansı qurum tərəfindən qoyduğunu deyir, ona görə də məcbur olub özün araşdırıb tapırsan.

“Mən Dövlət Sərhəd Xidmətinə və Daxili İşlər Nazirliyinə müraciət etdim, dedilər, bizlik deyil. Sonra Respublika Prokurorluğuna müraciət etdim, dedilər, araşdırılır. Prokurorluğa ikinci dəfə müraciət edəndə məlum oldu ki, qadağanı onlar qoyub, halbuki birinci cavabda heç nə deməmişdilər”.

Onun sözlərinə görə, Prokurorluğun ikinci cavabında deyilib ki, Meydan TV ilə bağlı başlanmış cinayət işində şahid qismində dindirildiyi üçün ölkədən kənara çıxa bilməz.

Aynur Qənbərova ölkədən çıxışa qadağa qoyulması ilə bağlı Avropa Məhkəməsinə müraciət edib və qərarın 2019-cu ilin əvvəllərində veriləcəyi gözlənilir.

Şahidlərə qadağa qoyula bilərmi?

Vəkil Elçin Sadıqov deyir ki, şahidlərə ölkədən çıxışa qadağa qoyulması həm Miqrasiya Məcəlləsinin, həm də Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.

Avropa Məhkəməsində Aynur Qəmbərovanın hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov BBC News Azərbaycancaya deyib ki, “şahidlər barədə ölkədən çıxış qadağasının qoyulması qadağandır”.

“Ölkədən çıxış qadağası ancaq şübhəli şəxs qismində cəlb edilmiş və təqsirləndirilən şəxsə qoyula bilər və bu, o halda qoyulur ki, onların barələrində başqa yerə getməmə haqda iltizam tədbiri seçilir”.

Onun sözlərinə görə, jurnalistin şahid qismində dindirilməsi və qadağanın əsassız qoyulması ilə bağlı prokurorluğa müraciət olunsa da, bu, heç cür əsaslandırılmayıb.

“Artıq yeni təcrübə var ki, şahid qismində dindirilən və ölkədən çıxışına yenidən icazə verilən jurnalist və hüquq müdafiəçilərindən ölkədən çıxarkən bəyannamə yazmaq tələb olunur. Əslində, ancaq 10 min dollardan artıq valyuta aparanda bəyannamə yazılmalıdır. Ancaq həmin fəallar bütün hallarda bəyannamə yazmağa məcbur olurlar”.

Elçin Sadıqov qeyd edir ki, şahidlərin ölkədən çıxışına qadağa qoyulması həm Miqrasiya Məcəlləsinin, həm də Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.

Qurumlar nə deyir?

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC News Azərbaycancaya şahidlərin ölkədən çıxmasına qoyulan qadağanı şərh edərkən deyib ki, “əgər vətəndaş ona qoyulan məhdudiyyəti qanunsuz və ya əsassız hesab edirsə, məhkəməyə müraciət edə bilər”.

Dövlət Təhlükəsizlik Xidməti isə şərhdən imtina edib.

“Məhkəmələr əvvəl bu haqda şikayət ərizəsini geri qaytarırdılar, bildirirdilər ki, qanunvericilikdə bu halla bağlı şikayət verilməsi nəzərdə tutulmayıb. Avropa Məhkəməsinə kütləvi şikayətlər göndəriləndən sonra bir sıra məhkəmələr şikayəti qəbul edir, amma nə əsas gətirirlər, nə də təmin edirlər”, vəkil Elçin Sadıqov deyir.

Vəkil hesab edir ki, şəxsə bütün hallarda məhkəmə yolu ilə qadağa qoyulmalıdır.

“Qanunvericilikdə açıq şəkildə göstərilməyib ki, məlumat verilməlidir, yoxsa yox. Ancaq orda qeyd olunur ki, əgər şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilirsə, mütləq bu barədə protokol tərtib olunmalı və tərəfə məlumat verilməlidir ki, o, qətimkan tədbirinin tələblərini pozmasın”.

“Qanunda qeyri-müəyyənlik var”

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa BBC News Azərbaycancaya deyib ki, “qanunda qeyri-müəyyənlik var”.

“Hesab edirəm ki, bu qeyri-müəyyənliklər kifayət qədər ciddi problemlər yaradır, biz bu məsələlərlə tez-tez rastlaşırıq. Bu problemlər həllini tapmasa çox çətin olacaq”.

Millət vəkili deyir ki, qanundakı qeyri-müəyyənliklərlə bağlı dəfələrlə məsələ qaldırılıb, amma “məsələyə doğru reaksiya verən olmayıb”.

“Əslində bunlar və bir sıra məsələlər qanuna uyğun həll olunmalıdır, başqa yolu yoxdur”.

“Mənə elə gəlir ki, bir-iki nəfərin üzləşdiyi şeylər bütün Azərbaycanda olan situasiyanı göstərmir”, deputat Zahid Oruc deyir.

Millət vəkili Zahid Oruc isə hesab edir ki, “ölkədə siyasi rəqiblər üçün xüsusi qadağa yoxdur”.

Onun qənaətincə, ölkədən çıxış qadağası Azərbaycan qanunlarına uyğun olaraq həyata keçirilir və hər hansı “ayrı-seçkilik yoxdur”.

Cənab Orucov bu qadağanın bütün ölkələrdə mövcud olduğunu vurğulayır və əlavə edir ki, bu kimi qadağalar “məsələn, istintaq halları zamanı istifadə olunur”.

“Mənə elə gəlir ki, bir-iki nəfərin üzləşdiyi şeylər bütün Azərbaycanda olan situasiyanı göstərmir”.

Millət vəkili vurğulayır ki, siyasi partiya sədrləri, eləcə də siyasi fəallar xarici ölkələrə maneəsiz səfər edə bilir:

“Mən Azərbaycanda siyasətlə məşğul olan hər kəsin izlənməsi və ölkədən ancaq hökumətin icazəsi ilə çıxması haqda fikirləri doğru hesab etmirəm”.

Azərbaycanda bloklanmış, hökuməti tənqid edən Meydan TV saytının keçmiş əməkdaşı Aynur Qənbərova isə ölkədən çıxışına qoyulan qadağanın ləğvinə ümidsizdir. Artıq bu qərarın nə vaxtsa ləğv olunacağına inanmır.

“İndi elə bil bir az böyük həbsxanadayıq. Konkret həbsxanadayıq”, jurnalist belə hesab edir.

Məqalənin əvvəlində bəhs etdiyimiz Nigar Məmmədli Bakıya qayıdandan sonra ölkədən çıxış qadağasının borca görə olduğunu öyrənə bilib. “Borcum olduğunu bilirdim, amma buna görə qadağam olduğunu yox. Bilsəydim bu qədər xərcim də batmazdı”.

BBC News Azərbaycanca