Hüquqşünas Əkrəm Həsənov bank və vətəndaş münasibətlərindən danışıb

“Biz borca görə insanı həbs edən yeganə Avropa dövlətiyik”

Əkrəm Həsənovun bank və vətəndaş münasibətləri haqda Benefisiar.org portalına müsahibəsini təqdim edirik.

– Öncə ondan başlayaq ki, vətəndaş və bankdan arasında kredit müqaviləsi hansı əsaslarla bağlanır? Bəzən vətəndaşlar sonradan aldadıldığını bildirilər. Hətta bəzi bankların gəlirlərə baxmadan məktəbdə, səhiyyə idarələrində kredit kartları paylayıqları və vətəndaşı  kredit götürməyə təhrik və ya şirnikləndirdiyi iddia edilir  

Ümumən hər bir müqavilə könüllü bağlanır. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər qanunvericilik çərçivəsində aralarında hər hansı müqavilə bağlaya bilər. Bununla belə, məlumdur ki, kredit müqaviləsində bank güclü, borcalan isə zəif tərəfdir. O mənada ki, borcalan, bir qayda olaraq, kredit şərtlərinin müəyyən edilməsinə təsir edə bilmir. Kredit müqaviləsinin mətnini bank hazırlayır, borcalan isə onu ya imzalayır, ya da imzalamır. Borcalana pul lazım olduğu üçün əksər hallarda sevincindən və tələsdiyindən (elə bu amildən istifadə edilərək kredit kartları paylanılır, potensial müştərilər digər yollarla şirnikləndirilir) müqavilə şərtləri ilə heç tanış da olmur. Sadəcə imzalayır və krediti alır. Təbii, kredit müqavilələrində birmənalı bankın xeyrinə, borcalanın isə ziyanına olan çoxlu müddəalar olur. Kreditin ödənişində problem yarananda isə bank deyir ki, aramızda müqavilə var, imzalamısan, indi buyur müqavilə şərtləri çərçivəsində borcu ödə. Lakin bu, düzgün yanaşma deyil. Bizim Mülki Məcəllədə (417-420-ci maddələr) dünyanın bir çox ölkəsində olduğu kimi standart şərtli müqavilə anlayışı var. Bu elə müqavilədir ki, onu bir tərəf bütün müştəriləri üçün hazırlayıb və digər tərəfə onu yalnız imzalamaq qalır, onun şərtlərinin dəyişdirilməsinə təsir edə bilmir. Kredit müqaviləsi də məhz belə müqavilədir. Qanunvericiliyimiz belə müqaviləyə dair ciddi tələblər müəyyən edir. Məsələn, belə müqavilə birtərəfli olaraq onu hazırlayanın xeyrinə, digərinin ziyanınadırsa, ümumən vicdanlılıq prinsiplərinə ziddirsə, o etibarsızdır! Yəni belə halda bank iddia edə bilməz ki, müştəri müqaviləni imzalayıb deyə mütləq onu icra etməlidir. Borcalan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər. Digər tərəfdən, “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən kredit şərtləri borcalana izah edilməli və bu barədə müqavilədə qeyd olmalıdır. Lakin banklarımız buna əməl etmir. Bunun özü də bankların vicdansızlığına dəlalət edir.

-Əgər vətəndaşın gəliri azalıbsa bu zaman hansı addım atmalıdır ki, bank onun faizlərini dayandırsın və ya başqa yüngülləşdirici tətbiq etsin?

Bu halda vətəndaş banka müraciət edib kreditin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) xahiş edə bilər. Məsələn, müddətin uzadılması, faiz dərəcəsinin endirilməsi və s. Amma bank buna razılaşmaya da bilər. Bu halda məsələyə məhkəmə baxır. Bir qayda olaraq, faizlərin hesablanması dayandırılmır.

-Vətəndaş müflisolmanı (bonkrot) göstərmək üçün nə etməlidi? Bunun vətəndaşın gələcək fəaliyyəti üçün müsbət və mənfi tərəfləri varmı?

“Müflisləşmə və iflas haqqında” Qanunumuz 2015-ci ilin oktyabr ayından vətəndaşın özünü müflis elan etməsinə imkan verir. Bunun üçün vətəndaş sadəcə ərizə ilə məhkəməyə müraciət etməlidir. Ərizədə vətəndaş əmlak vəziyyəti haqda və borcları haqda məlumat verməli, əmlakının bütün borcların ödənilməsinə kifayət etmədiyini vurğulamalı və onu müflis elan etməyi xahiş etməlidir. Müflis elan olunduğu andan vətəndaşın ödənilə bilməyən borcları silinir. Gələcək fəaliyyəti üçün də heç bir mənfi tərəfi yoxdur. Hazırda bizim “Antikollektor”un təşəbbüsü ilə bir neçə vətəndaş məhkəmələrə belə müraciətlər edib. Məhkəmələr də çaş-baş qalıb, çünki indiyədək belə müraciətlər olmamışdı. Buna görə də məhkəmələr hələlik müxtəlif bəhanələrlə belə işlərə baxmaq istəmir, tamamilə məntiqsiz əsaslarla boyun qaçırırlar. Amma biz də bütün belə hallar üzrə şikayət vermişik. Ümid edirəm ki, əvvəl-axır bu məsələ həllini tapacaq və bütün sivil ölkələrdə olduğu kimi bizdə də müflislik institutu işləyəcək. Vətəndaşları isə daha fəal olmağa, haqlarını qorumağa çağırıram!

-Bank krediti ödəməyən vətəndaşın əməkhaqqını məhkəmə qaydasında banka yönəldə bilərmi? Əgər bu şəxs təqaüdçüdürsə bu zaman necə olur?

Bəli, vətəndaşın aylıq rəsmi gəlirinin maksimum yarısı borcların ödənilməsinə yönəldilə bilər. Lakin burada bir məqam da var: qalan məbləğ vətəndaşın və himayəsində olan şəxslərin aylıq yaşayış minimumunu təmin etməlidir. Təəssüf ki, məhkəmələrimiz hələlik bu məsələni nəzərə almır. Amma onu da demək lazımdır ki, heç vətəndaşlarımız da əksər hallarda bunu tələb etmir.

– Bank (və ya məhkəmə) təqaüdçünün və ya əməkhaqqı alanın bütün gəlirini kreditin ödənilməsinə yönəldə bilərmi? Bu zaman qanunvericilikdə hər hansı minimum və maxsimum məbləğ məhdudiyyəti nəzərdə tutulurmu?

Xeyr, bütün təqaüd və ya əmək haqqı borca yönəldilə bilməz. Maksimum yarısı.

-Məhkəmə qərarı çıxarılarkən hansı meyarlar (vətəndaşın gəliri və s) nəzərə alınır?

Borc mübahisəsi üzrə məhkəmə vətəndaşın gəlirini nəzərə almır. Məhkəmə sadəcə borcun olub-olmamasını, ödənilib-ödənilməməsi haqda qərar verir.

– Vətəndaşın ödəməli olduğu məbləğ (birdəfəlik və ya aylıq) məhkəmədə çıxarlan qətnamə ilə müəyyən edilir, yoxsa bunu məhkəmə icraçıları müəyyən edir?

Məhkəmə borcun tam ödənilməsi haqda qərar verir. Sonra həmin qərarın icrasına icra məmurları nəzarət edir. Vətəndaş borcu hissə-hissə ödəyə bilirsə, bunun üçün məhkəmə qərarı lazım deyil. Ümumiyyətlə, borc rəsmi gəlir və əmlak çərçivəsində ödənilir. Əmlak və gəlir yoxdursa, məhkəmə qərarı icrasız qalır və icra məmuru icraatı dayandırmalıdır. Sadəcə təcrübədə adətən belə olmur. İcra məmuru başlayır borcalan təsir etməyə, qorxutmağa və s. O cümlədən ona aylıq məbləğ müəyyən edir ki, gətir bu qədər ödə. Bütün bunlar qanunsuzdur! Vətəndaş rəsmi gəliri hesabına nə qədər ödəyə bilirsə, o qədər də ödəməlidir. Ödəyə bilmirsə, ödəmir, vəssalam! Hətta ödəyə bilirsə belə, amma hansısa səbəbdən daha az ödəmək istəyirsə, bu barədə məhkəməyə ayrıca müraciət oluna bilər.

-Vətəndaşlar, ən çoxu da banklar şikayət edirlər ki, məhkəmə icraçıları ilə vətəndaşlar korrupsiya yolu ilə “razılığa” gəlirlər. Bu barədə nə deyə bilərsiniz? Bu mümkündürmü?

Bəli, təəssüf ki, belə söz-söhbət var. İcra məmurları vətəndaşları elə məhz ona görə qorxudur ki, rüşvət alsın. Məsələn, deyir ki, ayda 300 manat ödəməlisən. Vətəndaş deyir ki, axı işləmirəm, olarmı ki, elə sənə 300 manat verim, 1 il mənə dəymə. İcra məmuru da razılaşır. Vətəndaş da gedir borc-xərc edib həmin 300 manatı icra məmuruna ödəyir. Halbuki, reallıqda həmin borc silinməlidir, çünki vətəndaşın ödəniş qabiliyyəti yoxdur. Yəni burada onsuz da banka çatası bir şey yoxdur, arada sadəcə icra məmuru qazanmış olur. Amma başqa hallar da olur. Məsələn, əslində borcalanın borcu ödəməyə imkanı var, sadəcə icra məmuru ilə “razılığa” gəlib onu ödəmir. Bu halda təbii bankın hüquqları pozulmuş olur.

-Məhkəmə hansı halda vətəndaşın ölkədən çıxışa qadağa və əmlakına həbs qoya bilər?

Ölkədən çıxışa yalnız o halda qadağa qoyula bilər ki, vətəndaşın imkanı ola-ola borcu ödəmir. Yəni üzrsüz səbəbdən ödəmir. Lakin təcrübədə adətən səbəbin üzrlü və ya üzrsüz olmasına baxan yoxdur. Dərəbəylikdir! Elə ucdan tutma çıxışa qadağa qoyurlar. Əmlaka gəldikdə isə vətəndaş borca görə bütün əmlakı ilə cavabdehdir. Lakin istisnalar da var. Məsələn, vətəndaşın yeganə evi (mənzili), paltarı və ümumiyyətlə yaşayışı üçün zəruri olan digər əşyaları ondan borca görə alına bilməz.

-Əgər vətəndaş krediti məhkəmədən sonra da ödəməkdən imtina etsə onu hansı cəza (sanksiya, cinayət təqibi və ya sutkalıq) gözləyir?

Vətəndaş imkanı ola-ola məhkəmə qərarına riayət etməyərək ödəmirsə, əvvəlcə inzibati qaydada 30 sutkalıq, sonra isə cinayət icraatı qaydasında 3 ilədək azadlıqdan məhrum edilə bilər. Burada əsas məsələ imkanın olmasıdır. Yəni vətəndaşın əmlakı və gəliri var, amma ödəmirsə, məsuliyyət daşıyır. Əks halda hər hansı məsuliyyətdən söhbət gedə bilməz. Bu barədə Konstitusiya Məhkəməmizin də qərarı var. Eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə də birmənalı deyilir ki, heç kəs borcunu ödəyə bilmədiyinə görə həbs edilə bilməz. Düzdür, hərdənbir borcunu ödəyə bilməyənə münasibətdə 10-15 sutkalıq inzibati həbslər olur. Bu qanunsuzdur! Bizə bir neçə dəfə belə müraciətlər olub və biz Avropa Məhkəməsinə şikayət etmişik, həmin işlər orada icraatdadır. Belə hallar ümumiyyətlə biabırçılıqdır. Biz borca görə insanı həbs edən yeganə Avropa dövlətiyik.

Benefisiar.org