Obyektləri sökülənlər: İcra hakimiyyəti istəyir ki, bezib onların şərtilə razılaşaq

İcra hakimiyyətindən: “Həmin ticarət mərkəzinin dəqiq nə zaman tikiləcəyini söyləməmişik”

“Dükanlarımızı abadlıq adı ilə sökdülər. İndi həmin ərazi xarabalığa çevrilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti bizə söz verdi ki, burada qısa zamanda böyük ticarət mərkəzi tikiləcək. Bizə də həmin yerdən dükan paylanacaq. İndi ortalıqda heç nə yoxdur. İcra hakimiyyəti vədinə əməl etmir”.

Sumqayıtdakı “Şərq bazarı” adlanan ərazidə dükanı sökülən 66 sahibkar Meydan TV-yə şikayət ediblər. Onlar dükanların sökülməsindən düz 1 il yarım keçdiyini, hələ onların xeyrinə bir irəliləmə olmadığını söyləyirlər:

“Heç tikinti işlərinə də başlanmayıb. Biz ailəmizi həmin dükanlardan qazandığımız vəsaitlə saxlayırdıq. Az qala 1 il yarımdır ki, işsizik. Söz verdilər, inandıq, gözlədik. Bu qədər də olmaz. Hələ dedikləri ticarət mərkəzinin bünövrəsi də qazılmayıb. Bundan sonra daha neçə il gözləməliyik biz?”

Şikayətçilər deyirlər ki, 2017-ci ilin mayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükanları sökdürüb. Açıqlayıb ki, söküntü şəhərdə abadlıq işlərinin aparılması ilə bağlıdır. Sahibkarlar deyirlər ki, İcra Hakimiyyəti bunu onların mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz edib.

“Dəfələrlə Prezident Administrasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə getmişik. Prezidentə, ədliyyə nazirinə, digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazmışıq, teleqram göndərmişik. Şikayətimizə baxan, bizi dinləyən yoxdur”.

Sahibkarlar deyirlər ki, problem əslində Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun vaxtında başlasa da, o, sənədli dükanları məhkəmə qərarı olmadan sökməyə izin verməyib:

“Dükanlarımızı sökdürmək istəyən Rəşad Babayevlə çəkişməmiz 7 il sürüb. Bütün məhkəmə instansiyaları obyektlərin bizə, 66 sahibkara məxsus olduğunu təsdiqləyib. Bütün məhkəmə instansiyaları bizim xeyrimizə qərar çıxarıb, obyekləri bizim mülkiyyətimiz olaraq tanıyıb. Ancaq nəticədə bütün bu qərarlar tanınmayaraq, obyektlərimiz sökülüb. Söz veriblər ki, tezliklə yeni mağazalarla təmin ediləcəksiniz, onun üstündə də durmurlar”.

Sahibkarla söküntüdən xeyli maddi ziyana düşüblər. Deyirlər ki, əksəriyyəti yeni iş yeri tapa, kreditləri ödəyə bilmədiklərinə görə hal-hazırda maddi sıxıntı içindədirlər. Onlar ümidlərini ərazidə tikilməsi vəd verilən ticarət mərkəzində onlara veriləcək yeni dükanlara bağlayıblar.

“Əlbəttə abadlaşan şəhərə yamaq, başdan-ayağa antisanitariya mənbəyi olan, orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan meyvə-tərəvəz bazarının və alış-veriş aparılan bir binasının sökülməsi sumqayıtlıların ürəyincə oldu. Amma arada “qurunun oduna yaş da getdi”. Abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü. Amma bununla belə şəhərdə 66 sahibkar da ərazidə, həmçinin şəhərdə aparılan abadlaşma işlərini dəstəkləyirlər və dəstəklədilər də”.

Sahibkarlar deyirlər ki, hətta dükanları sökülməmişdən öncə oraları öz vəsaitləri hesabına abadlaşdırmaq da istəyiblər. Buna başlayıblar da, ancaq onlara bunu etməyə imkan verməyiblər, işlər ona görə yarımçıq qalıb:

“İndi də bütün ərazi yeni ticarət mərkəzi tikilməsi üçün tam sökülüb təmizlənib, təkcə Rəşid Babayevə məxsus bir binadan başqa”.

Sahibkarların dükanlarına Dövlət Əmlak Komitəsi tərəfindən 30 min manat dəyər qoyulub. Söküntüdən sonra 19 may 2017-ci il tarixli 554 saylı Sərəncama əsasən, onlara yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib.

İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir:

“İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m təmirsiz ticarət mərkəzi veriləcək”.

Sahibkarları narahat edən vaxtın uzun sürməsidir. Onlar bu zaman ərzində xeyli borc-xərc ediblər:

“1 il yarım vaxt keçib. Ortada ticarət mərkəzi yoxdur. Üstəlik, abadlıq adı ilə sökülən dükanların yeri yenə də əvvəlki kimi zir-zibil içindədir. Boş ərazi xarabalığı xatırladır və indi şəhərin görünüşünə daha çox xələl gətirir:

“Bəs onda nə fərqi var idi? Əgər tikilməyəcəkdisə, niyə sökülürdü? “Şərq Bazarı”nın Üzeyir Hacıbəyov küçəsi tərəfinə çıxan hissəsini saymasaq, ərazinin 3 yanından keçən yollar bərbad gündədir. Tanımayan adam zığ, palçıq içində olan bu yolların Sumqayıtda olmasını heç zaman güman etməz. Elə bilər ki, bu, hansısa ucqar kəndin yoludur. Amma reallıq odur ki, bu yol məhz şəhərin ən böyük mikrorayonunda, gur yerindədir. Barı yolu düzəltsinlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, bəli, sahibkarlara yeni tikiləcək ticarət mərkəzində yer veriləcəyini söyləyiblər:

“Ancaq biz onlara həmin ticarət mərkəzinin dəqiq nə zaman tikiləcəyini söyləməmişik. Yəni onlara hansısa bir zaman sözü verməmişik. Tikintini icra hakimiyyəti aparmır, ərazi icra hakimiyyətinin balansında deyil. İcra Hakimiyyəti sadəcə həmin ticarət mərkəzinin layihəsini təsdiqləyə bilər, bu qədər”.

Sahibkarlar isə ticarət mərkəzinin tikintisinin qəsdən yubadıldığı düşüncəsindədirlər:

“İstəyirlər ki, sonda bezib icra hakimiyyətinin hər bir şərtilə razılaşaq. Bu ərazinin gedişli-gəlişli, yaxşı yer olması məlumdur, ola bilsin icra başçısı da bu səbəbdən sahibkarlara buradan yer vermək istəmir. Amma sahibkarların əlində qanuni sənəd olması da bir tərəfdən tikintinin başlanmasına qərar verilməsinə maneçilik törədir. Belə çıxır, ticarət mərkəzi tikilməsə, biz dükansız qalacağıq”.