Zaqatalada 7 ailənin həyatı təhlükədədir (Fotolar)

Zaqatala sakinləri evlərinin uça biləcəyindən qorxurlar

“Bu binanın 110 yaşı var, elə bil, Nuh əyamından qalıb. Özü də yol kənarındadır. Küçədən böyük bir maşın keçəndə bina silkələnir. Taxta binadır, betondan, daşdan tikilməyib ki, dayanıqlı olsun. Şikayət etmədiyimiz qurum, döymədiyimiz qapı qalmayıb. Yalandan vəd verirlər, amma gəlib maraqlanan yoxdur”.

Bu sözləri Meydan TV-yə Zaqatala şəhəri, Nəriman Nərimanov küçəsi, bina 34 ünvanında yaşayan sakinlər deyir. Onlar bildirirlər ki, şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra bina tamamilə qəzalı vəziyyətə düşüb.

“Düz 2013-cü ildən bu yana aidiyyatı qurumlara dəfələrlə məktub yazırıq ki, dərdimizə çarə etsinlər. Prezident Adminstrasiyasına, Fövqəladə Hallar Nazirliyinə, həmçinin Zaqatala Rayon İcra Hakimiyyətinə şikayət məktubu yazırıq, amma heç bir faydası olmur”, – sakin Məhbubə Həzrətli belə deyir.

Əlavə edir ki, bugünlərdə icra başçısı Mübariz Əhmədzadənin qəbulunda olublar:

“Başçı bizə dedi ki, binanı təmir edəcək qədər büdcəmizdə pul yoxdur, sizə kömək edə bilmərik. Bəs yaxşı, biz indi dərdimizi kimə deyək? Mən övladımı evləndirirdim deyə, məcbur olub otaqları yüngülvari təmir etdirdim, çatların üstünü örtdüm. Amma qonşularda vəziyyət daha acınacaqlıdır. Pulları, imkanları da yoxdur ki, yalandan da olsa, üzdən təmir işi aparsınlar. Mənim evimdə 3 yaşında körpə nəvəm var. Gəlinim hamilədir, marta ikinci uşaq olacaq. Yazıq qız, gecələr qorxudan yatmır ki, ev başımıza uçacaq. Burada 20 nəfərdən ibarət 7 ailə yaşayır. Görünür, onların aqibəti heç kimi narahat etmir. Belə insafsızlıq, vicdansızlıq olmaz axı”.

Zaqatala Rayon İcra Hakimiyyəti başçının birinci müavini Tofiq Əhmədov Meydan TV-yə bildirib ki, sözügedən bina Mənzil İstismar İdarəsinin balansındadır. Yaxın günlərdə həmin bina ilə yanaşı, bir çox binanın təmir və tikinti işlərinə başlanılacaq:

“Ölkə başçısının göstərişindən sonra FHN tərəfindən rayonumuzda ardıcıl olaraq, 5500-dən çox ev tikilib. Evi qəzalı vəziyyətdə olan vətəndaşlar kompensasiya alıb. Mənzil İstismar İdarəsinin balansında olan binalar FHN tərəfindən təmir olunacaq, vətəndaşlara pul verilməyəcək”.