Həbs qətimkan tədbirinin seçilməsi şərtləri dəyişdirilir

Azərbaycanda şəxsin barəsində həbs qətimkan tədbiri növünün seçilməsi şərtləri dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 155.3-cü (155.3. həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər) maddəsinin dəyişdirilməsi təklif olunur.

Yeni formada verilən maddəyə görə, həbs qətimkan tədbiri:

– bu Məcəllənin 155.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

– cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

– əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq olunacaq.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Həbs və ona alternativ qətimkan tədbirləri yalnız aşağıdakı təqsirləndirilən şəxs barəsində tətbiq oluna bilər:

– 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;

– bu Məcəllənin 155.1.1 və 155.1.3-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq üçün 2 (iki) ilədək az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə”.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.