Məcburi köçkünlər aksiya keçiriblər (Video)

Bir qrup məcburi köçkün Nizami Rayon İcra Hakimiyyətinin önündə sosial tələblərlə aksiya keçirib.

Etirazçıların sözlərinə görə, yaşadıqları yataqxana qəza vəziyyətindədir, yaşamaq üçün heç bir şərait yoxdur. Hər mərtəbədə 24 ailə yaşayır. Pilləkənlərin çoxunda pillə yoxdur, ümumi hamam və tualet antisanitar vəziyyətindədir, çirkab suları yuxarıdan birinci mərtəbəyə tökülür.

Sakinlər bildiriblər ki, nə İcra Hakimiyyətinin nümayəndələri, nə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onlarla maraqlanmır. Onlar birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək onların işilə şəxsən məşğul olmasını xahiş ediblər. Həmçinin onlara təzə evlərin verilməsini xahiş ediblər.

Sonradan rayonun icra başçısı etirazçıların nümayəndəsini qəbul edərək onların problemləri ilə xüsusi komissiyanın məşğul olacağını vəd edib. (Turan İnformasiya Agentliyi)

Aksiyanın videosu