Qaz İdarələri abonentlərinə qarşı özbaşınalıq etmək istəyir

Mirvari Qəhrəmanl:  “Qaz İdarələrində olan itkilərə görə vəzifəli şəxslərin vəzifədən getmə ehitimalı var və bu üzdən onlar qaz itkisini ört-basdır etmək istəyirlər”

“Daxil olan vacib məlumat! Qaz abonentlərinin nəzərinə: diqqətli olun!” Benefisiar.org-un məlumatına görə bu xəbərdarlığı Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz facebook səhifəsində yazıb.

Mirvari Qəhrəmanlı qeyd edib ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır: “Limiti qalmış və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır”, – deyərək, o, bildirib.

O bildirir ki, ona daxil olan məlumata görə, Qaz İdarələrində olan itkilərə görə vəzifəli şəxslərin vəzifədən getmə ehitimalı var və bu üzdən onlar qaz itkisini ört-basdır etmək istəyirlər: “Bunun üçün də abonentlərin sayğac göstəricilərində dekabrın qaz sərfini yanvar ayının əvvəllərində qeyd etməyi nəzərdə tutublar. Ona görə də bütün abonentlərdən sayğac göstəricilərini 28.12.2017-ci il tarixində oxuyub, mütləq qeyd etmələri xahis olunur. Əks təqdirdə, büdcələrinə ziyan gələcək”.

Mirvari Qəhrəmanlı onu da qeyd edib ki, sərfiyyat oxuyan aparatın tarixi 15 gün öncəki günlərə çəkilib.

Mia.az saytının “Bəs, “Smart kart”larda məsələ necə həll olunacaq” sualna Mirvari Qəhrəmanlı cavab olaraq deyib ki, karta əlavə pul vurulması, onun hamısının 20 qəpikdən hesablanması demək olacaq: “Ona görə də karta yanvar ayının 10-a kimi artıq pul vurmayın. Yoxsa, həmin pulu da sərfiyyata çevirib, siləcəklər”.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini dinləməyə hazırıq.