Azərbaycanda xeyriyyə məqsədilə ianə toplanması, yardımlaşma ilə məşğul olan şəxslərin bəziləri bu işlə məşğul olacaq qeyri-hökumət təşkilatı (QHT) yaratmağın çətinliyindən şikayətlənirlər.
Uzun illərdir fərdi şəkildə yardım işi ilə məşğul olanlar və QHT sahəsində çalışmış mütəxəssislər BBC News Azərbaycancaya bildirirlər ki, ölkədə qeyri-hökumət təşkilatı yaratmaq çətin, yardım fondu yaratmaq isə ondan da çətindir.
Onlar deyirlər ki, aidiyyatı qurumlar QHT-ni “qeydiyyata almamaq üçün” hansısa sənəddə bəzən vergül xətasını belə bəhanə gətirirlər.
Ədliyyə Nazirliyi bu iddiaları rədd edir.
Qurum bildirib ki, qanunla tələb olunan qaydada bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunursa və 40 gün ərzində qurumdan müraciətçiyə “cavab gəlmirsə, həmin təşkilat avtomatik olaraq qeydiyyata alınmış hesab olunur”.
“İlk vaxtlar sənədlər veriləndə hər hansı qüsur tapılır”
“Hamı deyir ki, ilk vaxtlar sənədlər veriləndə hər hansı qüsur tapılır. Çoxları deyir ki, ilk vaxtlar 99 faiz sənədlər geri qayıdır, keçmək ehtimalı olmur. Sonra prosesə yenidən başlayırsan”, – gördüyü işi rəsmiləşdirmək üçün sənədlərini iyul ayında Ədliyyə Nazirliyinə təqdim etmiş Vəfa Sərdarova deyir.
Üç il əvvəl qızının arabasını ehtiyacı olan bir uşağa verməklə yardım işinə başlayan müsahibimiz hazırda fəaliyyətini Facebook sosial şəbəkəsi üzərindən davam etdirir.
O, BBC News Azərbaycancaya danışarkən həyəcanla “ilk dəfədir sənəd verirəm, görək keçəcəkmi?” deyə sual edir.
“Mən bu üç ildə yüzdən çox şəxsə əlil arabası təşkil etmişəm, yüzlərlə həkimi səfərbər edib ətrafıma toplamaqla 200 uşağın əməliyyatını təşkil etmişəm, 500-ə qədər uşağın sünnətini təşkil etmişəm, məncə, bunlar nəzərə alınmalıdır”, – fəaliyyətini rəsmiləşdirməyə çalışdığı təşkilatına lisenziya almaqla əməyinin qarşılıq görəcəyinə ümid edən Vəfa Sərdarova indiyədək gördüyü işləri sayır.
Azərbaycanda 17 ildir fəaliyyət göstərən Rasional İnkişaf Qadınlara Yardım təşkilatının rəhbəri Şəhla İsmayıl deyir ki, qeydiyyat məsələsi əvvəllər də çətin olub, lakin 2014-cü ildən vəziyyət “daha da kəskinləşib”.
Şəhla İsmayıl vurğulayır ki, qanunlara dəyişiklər nəticəsində bu sahə ilə məşğul olan şəxslərin təşkilatlarının fəaliyyətini dayandırıb bu işdən uzaqlaşması, üstəlik yeni təşkilatların yaradılmaması, nəinki QHT sektoruna, eləcə də cəmiyyətə zərbə olub.
2014-cü ildə nə baş vermişdi?
2014-cü ildə Azərbaycanda QHT-lər, Qrantlar, İanələr haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra dəyişiklər nəticəsində ölkədə yardım fondu yaratmaq, qrant və ianələrlə işləmək qaydaları dəyişib.
Mütəxəssislər deyir ki, bu dəyişiklər ölkədə bu sahədə fəaliyyəti “xeyli məhdudlaşdırıb”.
Dəyişiklərə görə, “beynəlxalq donorların yerli QHT-lərə maliyyə ayırmaq üçün yerli ofis açması, Azərbaycan hökumətilə pul ayrılacaq mövzuları razılaşdırmağı təmin edən saziş imzalaması vacibdir”.
Mütəxəssislərin xüsusilə diqqətə çatdırdıqları və “əsas çətinlik yaradan” məsələlərdən biri isə yardım fondu yaratmaq üçün qanuna edilmiş əlavənin – 10 min manatlıq nizamnamə kapitalının tələb olunmasıdır.
Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri və hüquq müdafiəçisi Elçin Abdullayev iddia edir ki, burda məqsəd kasıb adamların ianə fondu yaratmaq imkanlarını məhdudlaşdırmaqdır.
Cənab Abdullayev sual edir ki, “bu gün Azərbaycanda fond yaratmaq istəyən hansı şəxsin 10 min nizamnamə kapitalı var?”
“Azərbaycanda ianə təşkilatı – yəni xeyriyyə fondu yaratmaq kasıb adamın işi deyil. Ölkədə xeyriyyə ilə yalnız Heydər Əliyev Fondu məşğul olduğuna görə bunu belə rəsmiləşdirdilər ki, ümumiyyətlə kasıb adamlar fond yaratmasınlar. Səmimi desəm, bu gün Azərbaycanda rəsmən xeyriyyəçilik fəaliyyətilə məşğul olmaq bir az qəribə gəlir, çünki sistem elə qurulub ki, xeyriyyəçilik deyəndə Heydər Əliyev Fondu nəzərdə tutulur”, – o iddia edir.
Ədliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycanda sosial yardım fəaliyyətilə məşğul olmaq və digər sahələrdə fəaliyyət göstərmək üçün, qeyri-hökumət təşkilatı təsis etməyə görə hər hansı fərqli qaydalar müəyyən edilməyib.
BBC News Azərbaycancanın Bakı sakinləri arasında apardığı sorğuda da Heydər Əliyev fondunun adı çəkilir. (Videonu buradan izləyin)
Bu qurum 2004-cü ildən fəaliyyətdədir. Heydər Əliyev Fondun saytında yazılır ki, qurum təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Qurumun aralarında xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlar, xarici ölkələrdə yerləşən universitetlər, dünyadakı müxtəlif tibb mərkəzləri də daxil olmaqla 150-dən artıq tərəfdaşı var. Bundan başqa quruma ayrı-ayrı şəxslər tərəfindən ianələrin verildiyi də yazılır.
Qurum BBC News Azərbaycancanın fondun maliyyə mənbələri, eləcə də son illərin hesabatları barədə sorğusunu cavablandırmayıb.
“Qeydiyyat problemi dəyişiklik və əlavələrdən öncə də vardı”
Hüquqşünas Xalid Ağalıyev deyir ki, Azərbaycanda QHT-lərin qeydiyyata alınması problemi ölkənin Avropa Şurasına üzv olduğu vaxtdan mövcuddur.
“Baxmayaraq ki, Avropa Məhkəməsinin ölkədə bu hüququn problemli olması ilə bağlı ciddi qərarları olub. Həmin qərarlar da vəziyyətin yaxşılaşmasına təsir göstərə bilməyib. Yəni, bu gün mən və mənimlə birlikdə bir neçə nəfərin bir QHT və ya bir fond təsis etməsi və onu rəsmi qaydada dövlət qeydiyyatına aldırması demək olar ki, mümkün deyil”, – o deyir.
Xalid Ağalıyev deyir ki, bircə Azərbaycanda Elmar Hüseynov Fondu yaradılarkən ilk vaxtlarda ciddi hüquqi əngəllər yaradılmayıb, əksinə dəstək olub.
“O zamanlar jurnalistin ölümü çox ciddi məsələ idi və səs-küyə səbəb olmuşdu. Ona görə də bu fond yaradıldı və maddi vəsaitlər də toplanmağa başlandı”.
Cənab Ağaliyev bürokratik əngəllərlə bağlı deyir ki, “bəzən bütün sənədlər təqdim olunsa da Ədliyyə Nazirliyi “nizamnamənin filan səhifəsində filan yerdə vergül doğru qoyulmaması” səbəbindən sənədləri qeydiyyata almır”:
“Yəni, bu cür xırdalıqlara gedən – qanuna söykənməyən əsaslarla QHT-lərin qeydiyyata alınmasından imtina olunur. QHT-lərin nəzarətdən çıxmasından çəkindiyi üçün bu üsula əl atılır. Hökumət bu üsuldan 20 ildir ki, istifadə edir”.
Ədliyyə Nazirliyi yaradılan bürokratik əngəllərlə bağlı BBC News Azərbaycancaya bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq üçün təqdim olunan sənədlərin qanunvericiliyə uyğun olub-olmaması araşdırılır, qanunvericiliyə zidd olmadıqda QHT dövlət qeydiyyatına alınır.
Xalid Ağaliyev deyir ki, qanunda kifayət qədər mütərəqqi üsullar nəzərdə tutulur, lakin bu üsullar işləmir.
“Əgər kimsə təşkilat yaratmaq istəyirsə mütləq ona hansısa qurum zamin durmalıdır ki, bu şəxs/təşkilat özünü yaxşı aparacaq, hökumətin arzulamadığı məqamlara toxunmayacaq. Yəni, qanuni əngəllərin olması istənilən qrupları və ya ayrı-ayrı şəxsləri belə təşəbbüslərdən çəkindirir”.
Qeydiyyat, yoxsa şəffaf fəaliyyət?
“Azərbaycanda bürokratik əngəlləri aşıb yardım fondu yarada bilsən də, gərək hökumətin dediyi ilə oturub-durasan”, – bir neçə ildir ayrı-ayrı şəxslərin köməyi ilə ehtiyacı olanlara yardım edən Ruhiyyə Babayeva (ad müsahibin xahişi ilə dəyişdirilib -red.) deyir.
O, BBC News Azərbaycancaya deyir ki, “ölkədə yardım təşkilatı açmağın bir, onun fəaliyyət göstərməsininsə başqa problemləri var”.
“Ya gərək ürəyin istəyən kimi bu təşkilatı işlədəsən, istiqamətləndirəsən, ya da ki, ümumiyyətlə işlətməyəsən”, – müsahibimiz əlavə edir.
O, “ölkədə belə fondların şəffaf fəaliyyət göstərmək imkanlarının olmadığını” deyərək yardım fondu yaratmaq istəmədiyini qeyd edir.
Ruhiyyə Babayeva əlavə edir ki, bu məsələdə ayrı-ayrı fərdlərin də şəffaflığı qoruyacağına inanmır.
“Azərbaycan reallığında təşkilatlandıqca daha çox əliəyriliklər olur, fırıldaqlar başlayır. Fondları da tanıyıram, xeyriyyəçilik üçün təşkilatlanan şəxsləri də. Ona görə də bilirəm ki, bu işi genişləndirsəm indi etdiyim yardımın heç yarısı kömək gözləyən uşaqlara çatmayacaq. Təcrübədə o qədər olub ki, kiməsə pul vermişəm aparsın hansısa uşağa paltar alsın. Sonradan məlum olub ki, birini alıb, ikisini almayıb”, – Ruhiyyə Babayeva danışır.
O, düşünür ki, təşkilat açmağın bir çətinliyi də hesabatlılıq məsələsindəki bürokratik əngəllərdir:
“Biri var bir adama hesabat verəsən, biri də var ki, bir neçə idarəyə. Mənim hesabatlarımsa sadədir. Tutaq ki, sən 50 manat vermisən, mən gedirəm bir uşağa forma alıram, o formanın şəklini, videosunu çəkib atıram sənə. Valideyni icazə verirsə onun, ya da uşağının təşəkkür videosunu da çəkib ata bilərəm, amma bir şərtlə, həmin video heç yerdə yayımlanmayacaq”.
Ruhiyyə Babayeva gələn ildən bu işi yekunlaşdırıb başqasına ötürmək istəyir.
“Ancaq kimə və necə?” – o sual edir, – “Ona görə yox ki, heç kimə güvənmirəm, ona görə ki, güvənə biləcəyim adamların vaxtı yoxdur”, – o təəssüflə deyir.
Ədliyyə Nazirliyi nə deyir?
Ədliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda QHT-lər “dövlət qeydiyyatına alınmadan da” fəaliyyət göstərə bilərlər.
“Azərbaycan Respublikasının qanunvericiliyində qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün onların hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasının məcburiliyi nəzərdə tutulmayıb”, nazirlikdən BBC News Azərbaycancaya bildirilib.
Həmçinin deyilir ki, qanunla tələb olunan qaydada bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunursa və 40 gün ərzində qurumdan müraciətçiyə “cavab gəlmirsə, həmin təşkilat avtomatik olaraq qeydiyyata alınmış hesab olunur”.
Ədliyyə Nazirliyi bildirir ki, Azərbaycanda “sosial yardım fəaliyyətilə məşğul olmaq və digər sahələrdə fəaliyyət göstərmək üçün, qeyri-hökumət təşkilatı təsis etmək üçün hər hansı fərqli qaydalar müəyyən edilməyib.
Nazirlik 2014-2019-cu illər arasında Azərbaycanda 431 qeyri-hökumət təşkilatının qeydiyyata alındığını qeyd edir.
Lakin qurum bu təşkilatlar arasında neçəsinin yardım fondu olması barədə sualımızı cavablandırmayıb.