Taym-çarter və reys çarteri müqavilələri: yüküm var, gəmim yox, nə etməliyəm?

Gəmilər, qayıqlar və digər istirahət gəmiləri çox vaxt onları mülk kimi satın alan çoxlu sayda şəxslərə məxsus olur. Lakin onlar özləri bu gəmilərdən malların daşınması və ya sərnişinlərin daşınması üçün istifadə etmirlər.

Bunun əvəzinə, onlar tez-tez gəmiləri müxtəlif məqsədlər üçün istifadə edən üçüncü tərəf təşkilatlarına “borc” verirlər. Dəniz hüququ terminologiyasında bu “icarə” prosesi çarter kimi tanınır. Çarter qlobal dəniz ticarəti sektorunun mühüm anlayışıdır və müxtəlif növlərə malikdir.

Çarter nədir? Çarter  “charterparty” kimi tanınan iki və ya daha çox şəxs arasında gəminin müəyyən şərtlər qarşılığında kirayəyə verilməsi ilə bağlı müqavilədir. Müqavilədə nəzərdə tutulmuş qaydalar və şərtlər bütün tərəflər üçün məcburidir və geniş, detallı və çeşidli bəndləri və yarana biləcək, demək olar ki, bütün mümkün ssenariləri əhatə edir. Bir sözlə, çarter hər hansı formada gəmi kirayəsi üçün labüd şəkildə tələb olunan hüquqi baxımdan tam rəsmi sənəd hesab olunur.

Gəmi sahibi (“shipowner”) çarter müqaviləsində nəzərdən tutulan gəmiyə sahib olan birinci tərəfdir. Kirayəçi (“charterer”) hər hansı bir məqsəd üçün gəmiyə ehtiyacı olan fiziki və ya hüquqi şəxsdir. Kirayəçi ya yük daşımaq üçün, ya daha sonra gəmini üçüncü şəxslərə kirayəyə vermək, ya da hər ikisini eyni zamanda həyata keçirmək üçün çarter müqaviləsi bağlaya bilər. Çarter müqaviləsi hər bir şəxsin məsuliyyətini və eyni zamanda gəminin saxlanması şərtlərini hər bir ağlabatan aspektlərdən müəyyən edir.

Çarter müqavilələrinin üç əsas növü vardır:

  1. Reys çarteri;
  2. Taym-çarter;
  3. Berbout-çarter.

Heyətsiz gəminin çarter (fraxtedilmə) müqaviləsinə (berbout-çarterə) görə gəmi sahibi şərtləşdirilmiş haqq (fraxt) müqabilində gəmini heyətsiz və təchiz olunmamış halda ticarət gəmiçiliyinin məqsədləri üçün fraxtedənin istifadəsinə və sahibliyinə müəyyən müddətə verməyi öhdəsinə götürür. Berbout-çarter yazılı formada bağlanmalıdır. Berbout-çarterdə tərəflərin adı, gəminin adı, bayrağı, bölgü dərəcəsi, onun texniki və istismar xarakteristikaları (yükgötürmə qabiliyyəti, tutumu, sürəti və s.), istifadə etdiyi yanacağın miqdarı, üzmə rayonu, fraxtedilmənin məqsədi, gəminin verilməsi və qaytarılması yeri və tarixi, fraxtın məbləği və ödənilmə qaydası, berbout-çarterin qüvvədəolma müddəti göstərilməlidir.

Reys çarterinə tərəflərin və gəminin adı, yükün növü və çeşidi barəsində məlumat, fraxtın məbləği, yükvurma yerinin adı, gəminin göndərildiyi yerin və ya təyinat yerinin adı daxil edilməlidir. Tərəflərin razılaşması əsasında çarterə digər şərtlər və qeyd-şərtlər daxil edilə bilər. Çarter daşıyıcı və fraxtedən və ya onların nümayəndələri tərəfindən imzalanır. Reys çarterlərinin ödənilməsi iki üsulla həyata keçirilə bilər – ton başına və ya birdəfəlik.

Ton başına ödəniş əsas gəmidə daşınan hər ton yük üçün gəmi sahibinə ödənişi nəzərdə tutur. Belə ödəniş metodu yük tonnajı gəminin ümumi maksimum yük tonnajından xeyli aşağı olduqda üstünlük verilir. Digər tərəfdən, daha çox çəkiyə malik yük daşındıqda birdəfəlik ödəniş üsulunu seçmək daha məqsədəuyğundur. Gəmi sahibi gəminin göyərtəsində daşınan yükün çəkisinin gəminin məqbul hədləri daxilində olmasını təmin etməlidir. Buraya göyərtədəki yükün tonnajının və gəminin müxtəlif yükləmə xətlərinin yoxlanılması daxildir.

Reys çarteri müqaviləsində istifadə olunan bəzi vacib şərtlər var ki, bu da müqavilənin müddəti daxilində əməl edilməli olan, vaxta əsaslanan qaydaları müəyyən edir.

“Laytime” kirayəçiyə təyin edilmiş limanda yükləmə və boşaltma prosesini başa çatdırmaq üçün icazə verilən müddətə verilən addır. Gəmi sahibi həmin limanda tələb olunan rüsumları və yanalma haqlarını ödəməklə yükümlü olduğu üçün kirayəçinin prosesi sürətləndirməsi ona yönələn hüquqi gözləntilərdən, tələblərdən biridir.

Kirayəçi müqavilədə nəzərdə tutulmuş “laytime” müddətini aşar və yubanarsa, demuraj kimi tanınan cəriməni ödəməyə borcludur. Demuraj kirayə verənin prosesi gecikdirməsi səbəbindən gəmi sahibinin çəkdiyi əlavə xərcləri əhatə edir.

Digər tərəfdən, əgər kirayəçi gəmi yükləmə və ya boşaltma əməliyyatlarını nəzərdə tutulan vaxtdan əvvəl başa çatdıra bilsə, o, gəmi sahibindən “despatch” adlandırılan yerdə qalan məbləği proporsional formada tələb etməkdə haqlıdır. Bu, çox vaxt kirayəçilər üçün liman əməliyyatlarını mümkün qədər tez başa çatdırmaq üçün bir stimul kimi tətbiq edilir.

Reys çarterində gəmi sahibi yanacaq və gəmi heyəti (işçiləri) ilə bağlı xərclərin ödənilməsini öhdəsinə götürür. Səyahət üçün gəmi rəsmilərini və digər ekipaj üzvlərini və ya onlar üçün işləyən fərdlərdən ibarət qrupları işə götürmək və kirayəçiyə gəmi ilə birlikdə təhvil vermək gəmi sahibinin məsuliyyətidir. Bundan əlavə, gəmi sahibi yanalma və yükləmə əməliyyatlarına sərf olunan xərcləri də ödəməlidir. Gəmidə stifadə olunan hər hansı avadanlıq da gəmi sahibinin vəsaiti hesabına təmin edilməlidir.

Aydındır ki, məhz belə xərcləri ödəmək üçün gəmi sahibləri kirayəçilərdən daha yüksək fraxt tələb edirlər. Lakin birdəfəlik yük daşıyan kirayəçilər yüksək qiymətə baxmayaraq, reys çarterlərinə daha çox üstünlük verirlər. Bunun səbəbi isə uzun müddət müqaviləyə bağlanmamaları faktorudur.

Taym-çarter, reys çarterindən fərqli olaraq, vaxta bağlı müqavilədir. Gəmi sahibi gəmini kirayəçiyə yalnız müəyyən müddətə kirayəyə verir və onlar qanunauyğun şəkildə istənilən limana üzmək və istənilən yükü daşımaqda sərbəstdirlər.

Baxmayaraq ki, gəmiyə nəzarət faktiki olaraq kirayəçi tərəfindən həyata keçirilir, gəminin qorunub saxlanması yenə də gəmi sahibinin çiyinlərinə düşür. Gəmi sahibləri müqavilə müddətində gəminin beynəlxalq səviyyədə qəbul edilmiş dəniz standartlarına cavab verməsini təmin etmək üçün məsuliyyət daşıyırlar. Onlar gəminin dənizə yararlılığı haqqında hesabatlar hazırlamaq və tələb olunduqda təmir etmək üçün müntəzəm olaraq dəniz tədqiqatçıları ilə kəsilməz əlaqədə olmalıdırlar. Gəminin hansısa böyük problemi aşkar olunduğu təqdirdə gəmi sahibinin qanuni tədbirlərlə üzləşməsi qaçılmazdır.

Taym çarter müqaviləsi bir neçə gündən bir neçə ilə qədər istənilən müddəti əhatə edə bilər. Bu müqavilə fraxt kimi tanınan vahid ödəniş dərəcəsi ilə işləyən uzunmüddətli anlaşmadır. Fraxt ödənişi hər təyin olunan vaxt üçün əvvəlcədən avans formasında köçürülməlidir və adi şəraitdə dəyişilməz olaraq xarakterizə edilir.

Taym çarterdə kirayəçi ekipajın seçilməsinə, səfərlər zamanı yaranan xərclərin ödənilməsinə və hər bir təyin olunan limanda müvafiq əməliyyatların təmin edilməsi üçün ehtiyat tədbirlərinin təşkilinə cavabdehdir. Kirayəçi planlaşdırdığı marşrutu əvvəlcədən gəmi sahiblərinə açıqlamağa məcburdur. Yanacaq, ehtiyat xərcləri və s. kirayəçi tərəfindən ödənildiyi halda gəmi sahibi texniki xidmətlə bağlı bütün xərcləri öz üzərinə götürür.

Kirayəçi, adətən, kirayələdiyi gəmidə şəxsən üzmür və əvəzində gəminin kapitanına göstərişlər verir. Buraya razılaşdırılmış yük, marşrut və limanlar, tələb olunan üzmə sürəti və s. daxildir.

Sərt ödəniş hesablama qaydalarından istifadə edən reys çarterlərindən fərqli olaraq, taym çarterlərdə gözlənilməz gecikmələr üçün bir neçə xüsusi müddəa var.

Müqavilədə nəzərdə tutulmuş yekun ödənişə daxil edilməyən vaxt dəniz hüququ ədəbiyyatında “off-hire hours”  kimi tanınır. Məsələn, əvvəlcədən proqnozlaşdırıla bilməyən pis hava şəraitinə görə gəmi yavaşlayırsa, sərf olunan əlavə vaxt yekun müddətə daxil edilmir. Eynilə, əgər hansısa formada zədələnmə baş verərsə və təmir işləri aparılmalıdırsa, müddət müqavilədən kənar hesab olunur. Müqaviləyə müəyyən sayda işdənkənar saatlara imkan verən xüsusi bəndlər də əlavə edilməsi mümkündür. Lakin kirayəçi gecikmələrə görə ayrıca ödəniş etməyə borcludur.

Qısaca desək, taym çarter gəminin kirayəçinin ondan sərbəst istifadə edə biləcəyi müəyyən müddətə, günlük və ya aylıq tariflə icarəyə verilməsini nəzərdə tutur.

Bəs preferensial çarterin növünü necə seçmək olar? Reys çarteri və taym çarter təyinatlı istifadə və xidmət şərtlərinə görə çox fərqlidir. Hər bir çarter növünün hansı hallarda seçilməsini təyin etmək kirayəçinin və gəmi sahibinin gözləntilərini qarşılamaq üçün uzun bir müzakirə mərhələsindən keçir.

Kirayəçinin yalnız müxtəlif səbəblərdən yarana biləcək xüsusi reyslər üçün gəmiyə ehtiyacı olduğu hallarda reys çarterinə üstünlük verilir. Dəniz ticarətində təcrübəsiz kirayəçilər üçün reys çarter müqaviləsi bağlamaq çətin və təhlükəli ola bilər, çünki ekipaj və avadanlıq məsələləri düzgün anlaşılmalı və idarə olunmalıdır. Gəmi sahiblərinin əksəriyyəti bu tələblərə riayət etmək üçün kirayəçi xeyrinə qabaqlayıcı tədbirlər görür, lakin bu, əsasən vicdanlı davranışa (“goodwill”) əsaslanır.

Taym çarter bir gəmi üçün uzunmüddətli tələb yarandıqda daha təcrübəli kirayə firmaları tərəfindən daha tez-tez istifadə olunur. Belə müqavilələrdə gəminin üzəcəyi limanları və marşrutları müəyyən etmək əvəzinə, kirayəçi sadəcə olaraq qayığı müəyyən bir müddətə icarəyə götürür və mülkiyyət istisna olmaqla, gəmi üzərində tam nəzarəti öz üzərinə götürür.

Potensial kirayəçilər hər dəfə səyahətə çıxmaq istədikləri zaman gəmi sifariş etmək əvəzinə taym çarterlərdən istifadə etməyi üstün tuturlar. Beləliklə, müqavilənin müddəti ərzində onlar gəmiyə limitli bir şəkildə sahib olur və qanun çərçivəsində istifadə etməkdə sərbəstləşirlər.

Reys və ya vaxt (taym) çarterini seçmək qərarına təsir edən digər əsas amil gəmiçilik sənayesinin maliyyəsidir. Mövcud cari müqavilənin tamamlanmasından və xitamından sonra gəminin kirayəyə verilməsinə zəmanət olmadığı üçün reys çarteri gəmi sahibləri üçün qeyri-sabit bazar hesab olunur. Yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulduğundan reys çarterinin ümumi dəyişkənlik səviyyəsi yüksəkdir.

Bununla belə, kirayəçilər hər zaman digər gəmi sahiblərindən daha səriştəli qiymət təklifləri ala bildikləri üçün reys çarterlərinə üstünlük verirlər. Başqa sözlə, gəmi sahibləri bu sektorun ixtiyarındadır və onların gücü bu sahədə olduqca azdır.

Beləliklə, demək mümkündür ki, əksər gəmi sahibləri time çarterə üstünlük verirlər, çünki o, müəyyən bir müddət üçün, sabit bir tariflə maliyyə gəlirlərinə zəmanət verir. Bu, kirayə qiymətlərinin sürətlə dəyişməsinə qarşı müəyyən qorunma təmin edir. Bununla belə, kirayəçilər bu müqaviləyə üstünlük vermirlər, çünki o, onları uzun müddətə vahid fraxt ödənişinə bağlayır.

Rauf Cəfərzadə 
Magistr: Ankara Üniversitesi – Deniz Hukuku
İş yeri: “Turan Legal and Tax Services” MMC – hüquqşünas.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

BİBLİOQRAFİYA

  1. Azərbaycan Respublikası, Ticarət Gəmiçiliyi Məcəlləsi (06.2001).
  2. Martin Stopford – “Maritime Economics”.
  3. İsmail Demir – “Deniz Ticareti Hukuku”.
  4. İnci Deniz Kaner – “Deniz Ticareti Hukuku” (II).
  5. John Schofield – “Laytime and Demurrage”.
  6. Donald Davies – “Commencement of Laytime”.
  7. Julian Cooke, Young Timoth, Taylor Andrew, Kimball D. John, Martowski David, Lambert LeRoy – “Voyage Charters”.
  8. Michael Wilford, Terence Coghlin, John D. Kimball – “Time Charters”.