Qanunvericilikdə zaminlik hüquq münasibətlərinin yeri və tənzimlənməsi qaydaları

1.Giriş

Hal-hazırda məhkəmə təcrübəsində ən çox rast gəlinən hüquqi problemlər içərisində zaminlik hüquq münasibətləri ilə əlaqədar yaranan çətinliklər xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə ərizəçilərin üzləşdikləri hüquqi mübahisələrin çoxluğu müvafiq tədqiqatlar və qeyri-müəyyənlik ehtiva edən müxtəlif tipli məsələlərlə bağlı təhlillərin aparılmasını tələb edir.

Əvvəla qeyd etmək yerinə düşərdi ki, zaminlik hüquq münasibətlərinin yaranma tarixi qədim dövrlərə gedib çıxır və elə bu səbəbdəndir ki, Roma hüququnda bu münasibətlərin tənzimlənməsi ilə bağlı təməl müddəalara rast gəlmək mümkündür. İddia tələblərinin təmin edilməsinə olan tələbat mübahisələrin prosessual qaydada həll edilməyə başladığı dövrdən yaranmışdır. Belə ki, Roma hüququ iddianın təmin edilməsi məqsədilə cavabdehdən mübahisənin mahiyyəti üzrə hakimin qərar qəbul etməsinə qədər məhkəməyə gəlməsi və iştirak etməsinə zaminlik edəcək şəxsi təqdim etməsini tələb edirdi. Bu cür zəmanətin olmaması cavabdehin şəxsən saxlanmasına gətirib çıxara bilərdi.

Sovet dövrünə qədər qüvvədə olan mülki qanunvericiliyə görə, iddianın təmin edilməsi üçün daşınar əmlak üzərində həbsqoyma, daşınmaz əmlak üzərinə qadağa tətbiq edilməsi, ölkəni tərk etməmək barədə iltizam,  zaminlik və s. təminat növləri tətbiq edilə bilərdi. Sosialist quruluşu bazar iqtisadiyyatının mövcudluğunu faktiki olaraq heçə endirdi və bu mülki məhkəmə icraatı üçün iddianın təmin edilməsi qaydalarının əhəmiyyətinin azaldılmasına gətirib çıxardı. Qeyd edilməlidir ki, 2000-ci ilə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin tələblərinə görə, məhkəmə öz təşəbbüsü ilə iddianı təmin etmək üçün tədbirlər görə bilərdi.[3]

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. İddianın təmin edilməsi üzrə tədbirlər yalnız iddiaçının təşəbbüsü ilə və yalnız cavabdehə münasibətdə tətbiq edilmir. Buna görə də Mülki Prosessual Məcəllənin 157-ci maddəsində iddianın təmin edilməsi üçün tədbirlər görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olan subyektlərin dairəsi “işdə iştirak edən şəxs” ifadəsi ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 46-cı maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin mahiyyəti və prosessual təyinatı nəzərə alınmaqla buraya tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar daxildir. İddianı təmin etmək haqqında ərizə ayrıca yazılı sənəd kimi işi icraata qəbul etmiş məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 149.4-cü maddəsinə uyğun olaraq iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında vəsatət iddia ərizəsində də göstərilə bilər.  [2]

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu nəticəyə gəlmək mümkündür ki, qüvvədə olan qanunvericilik zaminin hüquqlarının mövcud hüquq müdafiə mexanizmi vasitəsilə qorunmasının qayğısına qalır və hər hansı  hüquq pozuntusunun qarşısının alınması məqsədilə preventiv tədbirlərin görülməsinə şərait yaradır.

2.Zaminlik və zaminlik müqaviləsinin anlayışı, zaminlik müqaviləsi ilə bağlı müəyyən edilmiş tələblər.

Zaminlik sözü “zamin olma, məsuliyyəti üzərinə götürmə, zəmanət” kimi, zamin sözünün mənası isə “öhdəsinə zaminlik götürən, zəmanət verən adam, birinin və ya bir işin məsuliyyətini öz üzərinə götürən, zəmanət verən” kimi Azərbaycan dilinin izahlı lüğətində izah olunur.[5]

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2000) 460-cı maddəsində öhdəliklərin icrasının təmin edilməsi üsulları kimi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar göstərilmişdir. Bu Məcəllənin 470-ci maddəsində zaminlik müqaviləsinə anlayış verilərək qeyd edilmişdir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.[1]

Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur.

Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir:

– birgə məsuliyyət;

– subsidiar məsuliyyət.

Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə  öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər.

Subsidiar (latınca “subsidiarius” – ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas  borcluya qarşı tələb  irəli  sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

3.Zaminin hüquqları və zaminliyə xitam verilməsinin əsasları

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 474-cü maddəsinə əsasən, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Bu Məcəllənin 475-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Bu Məcəllənin 477-ci maddəsi öhdəliyə xitam verilməsinin əsaslarını müəyyən etmişdir. Belə ki, zaminliyə bu hallarda xitam verilir:

1)zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

2)əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

3) kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

4)zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.[1]

  1. Borclunun ölməsi halında zaminlik hüquq münasibətlərinin tənzimlənməsi

Zaminlik hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı ən çox rast gəlinən praktiki çətinliklərdən biri də borclunun ölümündən sonra kreditorun tələblərinin borclunun vərəsələrinə və ya zaminə yönəldilməli olması ilə bağlıdır. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı bu baxımdan mühüm presedent xarakterinə malik normativ xarakterli akt kimi çıxış edir.   Belə ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə  qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də  zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi  və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin  icrası barədə tələb irəli sürülə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq  hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu nəticələrə gəlmişdir:

1)Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

2)Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

3)Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

4)Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsinin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilməlidir. [4] 

  1. Nəticə

Beləliklə, bu araşdırma işində zaminlik hüquq münasibətlərinin tarixi, zamin və zaminlik müqaviləsinin anlayışı, zaminin hüquqları və zaminliyə xitam verilməsinin əsasları, borclunun ölməsi halında zaminin məsuliyyəti məsələləri təhlil edildi. Fikrimcə, borclunun ölməsi halında zaminin məsuliyyət məsələsi daha geniş təhlil olunmalı, vərəsələrin miras əmlakı üzərində sərəncam hüququnun yaranmasında 6 aylıq vaxt məhdudiyyəti (bu hüquq miras açıldıqdan 6 ay sonra yaranır) nəzərə alınaraq, kreditorun tələbləri zamin tərəfindən təmin edilməli, zaminin reqress hüququ realizə olunmalıdır. Bu mexanizmin adıçəkilən məsələ ilə bağlı mübahisələrin yaranmasının qarşısının alınmasına müsbət təsiri olacağını düşünürəm.

Ədəbiyyat:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (2000)
  2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (2000)
  3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il  Qərarı
  4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli Qərarı
  5. Azərbaycan dilinin izahlı lüğəti. AMEA Nəsimi adına Dilçilik İnstitu. IV cild, Bakı 2006. 712 s.

Hazırladı: Aytac Osmanova – hüquqşünas