MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər – Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.
O bildirib ki, İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib.

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə – 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Eyni zamanda Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib: “Araşdırmanın nəticəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında seçicilərin iradəsinə təsir edən amillərin olması təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib. Belə ki, 16 saylı seçki məntəqəsində səsvermənin etibarsız sayılması üçün şərait yaranıb”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Əvvəlki məqaləRestoran sahiblərinə xəbərdarlıq edildi
Növbəti məqaləMSK-ya şikayət edənlər sonra əlavə materaillar təqdim edə bilər?