Bu informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verməməlidir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

“Bu gün əhalini təşvişə salan əsas məsələlərdən biri xəstəxanalar, tibb müəssisələri, prokurorluq orqanlarını gözdən salmaq üçün yayılan yalan informasiyalardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklik barədə məlumat verən İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, dünyanın hər yerində bu cür informasiyaların qarşısını almaq üçün filtrlər tətbiq edilir: ““İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər qətiyyən azad mediaya qarşı addımlar deyil. İnformasiya aləmində informasiya viruslarını ifadə etmək üçün yeni terminlər meydana çıxıb. Bu problemin aradan qaldırılması üçün kriminallaşdırma ilə bağlı tədbirlər mövcuddur”. 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişiklikləri dəstəkləyir: “Dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq. Reytinq xatirinə hansısa başlıqlarla doğru olmayan məlumatları qoymaq, daha çox izləyici yığmaq vaxtı deyil. Ona görə, xahiş edirəm ki, hər kəs bu mövzuda yalan informasiyalar yaymaqdan qaçsın. Bu problemlərinin bir çoxunun yayılma qaynağı Azərbaycan sərhədlərindən kənardadır. Bir məlumat yayıldı ki, bir rayona çoxlu sayda ambulans maşın cəlb edilib. Mən vaxtımın böyük hissəsini həmin rayonun sakinlərindən bu məlumatların dəqiqləşdirilməsinə sərf etdim. Sosial şəbəkələrdə yayılan məlumatlara vaxtında reaksiya verilməlidir. Bu məlumatların geniş şəkildə ölkə daxilində yayılmasının qarşısı alınmalıdır. Sosial şəbəkələrdə yayılan məlumatların nəzarətdə saxlanılması üçün operativ quruma ehtiyac var. Bu gün informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsinə çox böyük ehtiyac var, müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırıram”.

Millət vəkili Sabir Rüstəmxanlı və Ziyafət Əsgərov isə qanun layihəsinin dilinin qəliz olduğunu bildirib, layihədə bəzi cümlələrin dəyişdirilməsini təklif edib.

Hikmət Babaoğlu qeyd edib ki, bu gün informasiya məkanını təhdid edən əsas təhlükə mənbəyi sosial şəbəkələrdir: “Bununla bağlı qanunvericilik bazasını təkmilləşdirməliyik”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qanunun qəbul olunması qədər onun icra mexanizmi də çox vacibdir: “Bir çox ölkədə çox yaxşı təcrübə var ki, yaşlı insanlar üçün sosial xidmətlər artırılır. Bu qanunda bu məsələnin də əksini tapması yaxşı olardı”.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, bu, çox ciddi məsələdir: “İnformasiya təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin təməl prinsiplərindən biridir. Bu, klassik anlamda da, müasir anlamda da belədir. Azərbaycanda indi senzura yoxdur. Kim nə istəyir, yazır. Amma informasiyanı yazan şəxs yazdığına məsuliyyət daşımalıdır. Mən baxışıma görə demokratikəm və nəzarətin əleyhinəyəm. Amma bəzi şeyləri tənzimləməliyik. Bu gün bütün sosial şəbəkələrdə gedən proseslərin arxasında Azərbaycanda dövlətçiliyin təməlini sarsıdacaq meyl dayanır. Birincisi, radikalizm, ikincisi, anarxiya və dövlət hakimiyyətinə inamsızlıq. Biz informasiya məkanını boş buraxmamalıyıq. Bu gün bizim informasiya təhlükəsizliyimizdə boşluqlar var”.

Millət vəkili Erkin Qədirli bildirib ki, qanuna təklif edilən dəyişikliyi dəstəkləyir: “Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır”. 

Komitə sədri Zahid Oruc qanun layihəsinin dili ilə bağlı iradların nəzərə alınacağını söyləyib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləPrezident Bəylər Eyyubovu yeni vəzifəyə təyin etdi
Növbəti məqaləKonstitusiya Məhkəməsində iş qaydaları dəyişdi