Qadağaya tabe olmayan 65 yaşdan yuxarı insanlara hansı cəza veriləcək?

Daxili İşlər Nazirliyi (DİN) yaşı 65 və yuxarı olan vətəndaşlar evdən çıxmaq qadağasını pozduqları halda, onları hansı cəzanın gözləməsi məsələsinə aydınlıq gətirib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Post Patrul Xidmətlərinin əməkdaşları xidməti ərazilərində 65 və yuxarı yaş həddində vətəndaşlara rast gəldikdə onlarla əvvəlcə izahedici, maarifləndirici söhbət aparacaq və onlardan yaşadıqları ünvanlara qayıtmaları tələb olunacaq: “Cərimə məsələsi o vaxt ola bilər ki, vətəndaşla dəfələrlə söhbət aparılmasına, xəbərdarlıq edilməsinə baxmayaraq, mütəmadi şəraitdə qaydaya əməl etməsin. Bu zaman həmin şəxsə xüsusi karantin rejiminin pozulması maddəsi üzrə protokol yazılacaq. Hazırda polis əməkdaşlarının hər birinin əlində xüsusi planşetlər var. Vətəndaşın üzərində şəxsiyyət vəsiqəsi olmadan belə həmin şəxs ad, soyad və ata adını dedikdə polis əməkdaşları planşetdə həmin qeydləri yazır və dərhal vətəndaş barədə məlumatlar çıxır ki, o, nə vaxt, harada anadan olub. Əgər həmin hal bir neçə dəfə təkrarlanarsa, həmin vətəndaşlar barədə protokol tərtib olunacaq”.

Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində Azərbaycan ərazisində koronavirus təhlükəsi ilə əlaqədar 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.