Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək. Digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.
Məlumata görə, Bakıya uçub gələn bütün sərnişinlər təyyarənin göyərtəsində onlara təqdim olunacaq iltizam sənədi vasitəsilə Azərbaycanda qaldıqları yerdə özlərini iki həftəlik müddət ərzində təcrid edəcəkləri barədə öhdəlik götürməlidirlər. Onlar özünütəcriddə qaldıqları müddətdə 8103 SMS İcazə Sistemi vasitəsilə olduqları yeri tərk edə bilməyəcəklər. Bu tələbə əməl etməyərək karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. Bütün sərnişinlərin Azərbaycan Hava Yolları aviaşirkətinin müvafiq videotəlimatı (https://www.youtube.com/watch?v=-s-0s4o1L2M&feature=emb_title) ilə tanış olması və bu qaydalara ciddi şəkildə riayət etməsi tələb olunur.