Azərbaycandan sığınacaq istəyənlərə himayə sənədi verilməyəcək

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında əldə olunmuş razılığa əsasən, 2020-ci il iyulun 1-dən etibarən BMT QAK-ın qaçqın statusunu müəyyənləşdirməsi məqsədilə fərdi iddialara baxılması və BMT QAK-ın himayə sənədlərinin verilməsində müəyyən dəyişikliklər ediləcək.

Bu barədə “Report”a DMX-dən məlumat verilib.

Bildirilib ki, dəyişikliklər aşağıdakılardır:

– 2020-ci il iyulun 1-də və həmin tarixidən sonra Azərbaycan Respublikasında sığınacaq üçün müraciət etmiş şəxslərə BMT QAK tərəfindən Himayə Sənədi verilməyəcək;

– 2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslər inzibati və məhkəmə qaydasında şikayət mərhələləri də daxil olmaqla bütün milli sığınacaq proseduru ərzində DMX tərəfindən verilən Müvəqqəti Şəhadətnamə ilə təmin ediləcəklər;

– BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş şəxslərə himayə sənədinin verilməsini və uzadılmasını davam etdirəcək;

– Bu dəyişikliklər 2020-ci il iyulun 1-dən əvvəl Azərbaycanda sığınacaq üçün müraciət etmiş şəxslərin BMT QAK-da qeydiyyatı və ya sənədləşdirilməsi prosesinə heç bir mənfi və ya retroaktiv təsir göstərməyəcək;

– BMT QAK yalnız 2020-ci il iyulun 1-dək sığınacaq üçün müraciət etmiş və monitorinq prosesi nəticəsində BMT QAK-da qaçqın statusunun müəyyən edilməsi tövsiyə olunmuş şəxslər üçün qaçqın statusunun müəyyənləşdirilməsini davam etdirəcək;

– Beləliklə, 2020-ci il iyulun 1-də və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslərin vəsatətlərinə yalnız DMX və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən baxılmayacaq;

– BMT QAK yalnız yardım (hüquqi, tibbi, maliyyə və s.) göstərilməsi və müəyyən edilmiş uyğunluq meyarlarına əsasən monitorinq məqsədilə 2020-ci il iyulun 1-dən sonra müraciət etmiş şəxslərin qeydə alınmasını həyata keçirəcək;

– Bununla belə, BMT QAK aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

Qeyd olunan dəyişikliklərlə əlaqədar suallarla bağlı bazar ertəsindən cümə gününədək saat 10:00 – 13:00 ərzində BMT QAK-ın hüquqi məsləhət xəttinə (+99451) 207 – 59 -96 və ya (012) 492 – 14 – 43 (əlavə olaraq iki düyməsinə basın) zəng edə və ya BMT QAK-ın [email protected] elektron poçtuna yazmaq olar.

Əvvəlki məqaləİcazə almaq istəyənlərin diqqətinə!
Növbəti məqaləAbşeron və Şirvanda tutulan vəzifəli şəxslərin əməliyyat görüntüləri yayıldı (VİDEO)