
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Təhsil Nazirliyi yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halını təqdim edib.
“Report” xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.
2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.
Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla E.Əmrullayev Təhsil naziri təyin edilib.