Fermer və mexanizatorların diqqətinə!

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikası istifadəçilərinə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, bəzən fermerlər və mexanizatorlar rayon, kənddaxili yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdlik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar. Belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur.

“AXA-nın texniki nəzarətin təşkili üzrə əməkdaşları Gəncə şəhəri və Göygöl rayonları ərazisində keçirdikləri reyd zamanı texniki baxışa təqdim olunmayan 2 traktor sürücüsünü saxlayıb, inzibati protokol tərtib edib. Bundan başqa, sürücülük vəsiqəsi olmadan texnika idarə edən 2 sürücü saxlanılıb, həmin texnikaların hərəkəti dayandırılıb. Həmçinin, dövlət qeydiyyat nişanlarını gizlədən sürücülərə xəbərdarlıq edilib və dövlət qeydiyyat nişanları zavodun təyin etdiyi yerə bərkidilib.

“Yol Hərəkəti Haqqında Qanun”una uyğun olaraq, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki məqaləFəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq
Növbəti məqaləFəxri adlara təqdim olunan namizədləri bu komissiya müəyyənləşdirəcək