İşsizlikdən sığorta ödənişinin təyinatı elektron qaydada həyata keçiriləcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 22-də keçirilən iclasda “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə barədə məlumat verən komitənin sədri Tahir Mirkişili bildirib ki, hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan dəyişikliyə görə, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

Komitə üzvləri “İşsizlikdən sığorta haqqında” qanuna təklif olunan dəyişiklikləri zəruri hesab ediblər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.