Şuşada bunların edilməsi qadağan olunur

Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılır.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı yeni qanun layihəsi hazırlanıb.

Layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Şuşa şəhərinin ərazisində reklam fəaliyyətinin qaydaları açıqlanıb.
Bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilir ki, Şuşa şəhərinin ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır.

Eyni zamanda Şuşa şəhərinin ərazisində Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi təşviqinə dəstək olan reklamların yerləşdirilməsinə üstünlük veriləcək.

Şuşa şəhərinin ərazisində şəhərin tarixi-mədəni irsinə, mədəniyyətinə və şöhrətinə xələl gətirə bilən reklam yerləşdirilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi “Reklam haqqında” qanuna uyğun olaraq Şuşa şəhərinin ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirəcək, o cümlədən reklam yerləşdirilməsinə icazə verəcək, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verəcək, tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görəcək, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq verəcək.

Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti ilə bağlı bu qanunda tənzimlənən məsələlər Şəhərsalma və Tikinti Məcəlləsi və “Reklam haqqında” qanunla tənzimlənəcək.

Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilir.

Bu da “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və hüuqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Əvvəlki məqaləHərbi səbəblərlə əlaqədar əlillik alanlar niyə təkrar müayinədən keçirilir?
Növbəti məqaləƏlilliklə bağlı qanunvericiliyə bu dəyişikliklər ediləcək