125 Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb

Dünən, avqustun 19-da Azərbaycanda 125 Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb.

Seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

Dairə seçki komissiyalarının üzvlərinin üçdə biri hakim partiyanı, üçdə biri parlamentdəki azlığı, üçdə biri isə parlamentdəki bitərəfləri təmsil edir.

Dairə seçki komissiyalarının bitərəf üzvlərini necə seçilir? Bunu kim müəyyən edir?

Mərkəzi Seçki Komissiyasından Turana bildirilib ki, aprelin 27-də MSK yeni tərkibdə formalaşdırılıb. «Hazırda dairə seçki komissiyalarının da üzvləri təyin oludu və dairə seçki komissiyaları yenidən təşkil edildi».

Qurumdan qeyd olunub ki, Seçki Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, dairə seçki komissiyası 9 üzvdən ibarət olmalıdır. «Məcəllənin müəyyən olunmuş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur».

Bitərəflərə gəlincə, MSK-dən bildirilib ki, 3 üzvünün namizədliyi heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. «Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür».

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Turana bildirib ki, bitərəf deputatlar öz iclasında həm Mərkəzi Seçki Komissiyasına, həm Dairə seçki komissiyalarına öz nümayəndələrini təqdim edir. «Yəni bu, konkret olaraq bitərəf deputatatların iradəsilə namizədlər təqdim olunur və Mərkəzi Seçki Komissiyası tərəfindən də DSK üzvü kimi təsdiq olunur».

Deputatın fikrincə, daha mükəmməl sistem qurmaq olar. «İndiki qayda bitərəflərin təmsilçiliyinə müəyyən dərəcədə institusional baxımından çətinliklər yaradır. «Amma qanun belə qəbul olunub. O vaxtlar ümumi razılaşma ilə həyata keçirilibsə və 20 il qüvvədədirsə, bu ancaq qanunun dəyişməsi nəticəsində dəyişə bilər. Qanun dəyişməyibsə deməli bununla dq hərəkət etmək lazımdır».

Seçki məsələləri üzrə ekspert Hafiz Həsənov AzadlıqRadiosuna bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, o cümlədən Avropa Şurası Parlament Assambleyası hazırkı formatı bir sıra rəsmi sənədlərdə optimal olmayan variant kimi qiymətləndirir. «Seçki təcrübəsi də göstərir ki, mövcud format dəyişməlidir. Beynəlxalq təşkilatların arzu və istəyi bütün seçki komissiyalarının siyasi qüvvələrin balanslı təmsilçiliyi ilə qurulmasıdır. Ancaq hökumət bu formatı qəbul etmir».

Hafiz Həsənov qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda müxtəlif illərdə keçirilən seçkilərdə hüquq pozuntularını tanıyan qərarları var. «Pozuntuların tanındığı dairələr üzrə nəticələri təsdiq etmiş şəxslərin indi də komissiyalarda təmsilçiliyi nə qədər hüquqidir?».

Onun fikrincə, beynəlxalq təşkilatların qatılması şərti ilə ictimai müzakirələr, hökumətin təmsil olunduğu debatlar, dialoqlar təşkil olunmalı, seçki komissiyalarının mütləq əksəriyyətin qəbul edəcəyi formatı tapılmalıdır.

Əvvəlki məqaləƏhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin yeni standartlarını hazırlayacaq
Növbəti məqaləFolkloru nümunələrinin dövlət qeydiyyatına alınması qaydası müəyyənləşdi