Əmək qanunvericiliyini pozanlar 431 min manat cərimələnib

Ötən il əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair vətəndaşlardan daxil olmuş 6 402 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş müxtəlif xarakterli 1 622 sorğu araşdırılaraq cavablandırılıb.

“APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 228 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.