“Mühəndislər üçün biznes təhsili” kursuna start verilib

Bu gün SOCAR-ın Ali Neft Məktəbində (BANM) “BP-Azərbaycan”ın maliyyə dəstəyi ilə yerli mühəndislərin inkişafına töhfə olaraq “Mühəndislər üçün biznes təhsili” kursuna start verilib.

“APA-Economics”in məlumatına görə, bu proqram Bakı Ali Neft Məktəbinin 5-ci kurs tələbələri üçün nəzərdə tutulur. BANM-dakı təhsil müddətində mühəndisli üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrasiya olunması üçün şərait yaradılacaq. Layihə fevral-dekabr aylarını əhatə etməklə 11 ay müddətində həyata keçiriləcək. Layihənin dəyəri 180 min ABŞ dolları təşkil edir.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Kursun tədris planı 8 əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və səmərəliliyi, liderlik, risklərin idarə olunması, maliyyənin əsasları, büdcə və xərclərə nəzarət, insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.