“Həbsxana kitabxanası” internet resursunun təqdimatı olub

Cümə günü Beynəlxalq Mətbuat Mərkəzində “Həbsxana kitabxanası” İnternet resursunun təqdimatı keçirilib.

Veb-sayt “əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təminatında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində yaradılıb. Layihə BMT İnkişaf Proqramı tərəfindən Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyilə keçirilir.

Layihənin icraçılarından biri, Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov bildirib ki, resurs məhbuslar, onların ailə üzvləri, jurnalistlər, hüquq müdafiəçiləri, fəallar, vəkillər və həbsxana problemlərini araşdıranlar üçün nəzərdə tutulub.

Saytda penitensiar müəssisələrin fəaliyyətinə dair onlarla qanunverici və normativ-hüquqi akt, elektron kitabxana (bədii ədəbiyyat və dərs vəsaitləri də daxildir), jurnalistlər və QHT fəalları üçün faydalı linklər yerləşdirilib.

“Hüquq məsləhətxanası” bölməsində şikayətlərin verilməsi proseduruna dair məsləhətlər təqdim olunub.

Layihə çərçivəsində Bakı, Gəncə və Şəkidə fəallar üçün treninqlər keçirilib.

Həbsxanalar İnternetə qoşulmadığına görə məlumatlar bazası SD-disklər şəklində təqdim olunacaq.

Hüquq-Müdafiə Mərkəzinin (HMM) direktoru Eldar Zeynalov bildirib ki, layihə çərçivəsində iki dərs vəsaiti hazırlanır. Vəsaitlər BDU-da nəşr ediləcək. Portalın yaradılmasının vacibliyini qeyd edən E.Zeynalov məhbusların öz hüquqları ilə bağlı məlumatlandırılmasına tələbin olduğunu deyib. Bəzən jurnalistlər, hətta vəkillər də yetərincə məlumatlı olmur.

Bu resursda qapalı müəssisələrin fəaliyyətini tənzimləyən bütün hüquqi aktlar ümumiləşdirilib.

“Elektron kitabxana”nın məlumat bazasından istifadə məhbusların təhsili və öz üzərində çalışması üçün vacibdir. Perspektivdə məhbusların qiyabi təhsil alması mümkündür.

Həbsxana administrasiyaları məhbusların öz hüquqları ilə bağlı məlumatlandırılmasında nə dərəcədə maraqlıdır?

Bu sualın cavabında E.Zeynalov deyib ki, vəziyyət dəyişib və administrasiyalar məhbusların kitab oxumasında maraqlıdır.

Öz üzərində çalışmaq yaxşı atmosferi təmin edir, məhbusları psixi streslərdən qoruyur, münaqişələrin qarşısını alır.

HMM-in direktor müavini Zəliha Tahirovanın sözlərinə görə, hüquq müdafiəçiləri Qobustan həbsxanasında kameralarda televizorların qoyulmasına nail olublar.

Bundan əvvəl bu müəssisədə beş dəfə intihara cəhd olub. Son ildə televizorlar qoyulduqdan sonra belə hallar qeydə alınmayıb.

Son illər məhbusların hüquqlarının təminatı ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Ancaq ümumilikdə, hələ də problemlər var. Bu problemlər əsasən məhbuslara psixoloji yardımın göstərilməsi, onların xarici aləmlə əlaqəsi, sonradan cəmiyyətə reinteqrasiyası ilə bağlıdır.

Z.Tahirova gənc qadınların problemlərini xüsusi vurğulayıb. Çox vaxt doğmaları onlardan üz çevirir. Digər problem isə qadınların həbsxanada uşaq dünyaya gətirməsidir. Uşaq 3 yaşına çatdıqda anasından alırlar. Hüquq müdafiəçiləri ümid edirlər ki, cəzaların humanistləşdirilməsi ilə bağlı növbəti addımlarda bu məsələlər nəzərə alınacaq.

Turan