Prezident Administrasiyasına müraciətlərin daha çox daxil olduğu rayonların adları açıqlanıb – SİYAHI

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olub.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
O bildirib ki, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çox olub. Onun sözlərinə görə, Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olub.
PA-nın şöbə müdiri qeyd edib ki, müraciətlərin haradan daha çox olması əhalinin sayı ilə müqayisədə daha aydın nəzərə çarpır: “Bu baxımdan Prezident Administrasiyasına 2016-cı ildə hər 1000 nəfərə görə Bakı, Mingəçevir, Naftalan, Şəki, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Daşkəsən, Füzuli, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Siyəzən, Şabran, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan daxil olmuş müraciətlərin sayı daha çox, Naxçıvan, Gəncə, Sumqayıt, Yevlax, Ağdaş, Ağsu, Babək, Bərdə, Cəbrayıl, Cəlilabad, Culfa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Kəngərli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Masallı, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Şahbuz, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala, digər şəhər və rayonlardan daha az olub. Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub”.
S.İsmayılovun sözlərinə görə, 2016-cı ildə vətəndaşlardan Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.

Əvvəlki məqaləİnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
Növbəti məqaləAvropa məhkəməsi Azərbaycana qarşı 15 şikayəti təmin edib