Əlilliyin yeni meyarları müzakirə olunub

Əlillik sahəsində bu il tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizi müəyyən edilməklə təyin edilməsinə, əlillik sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşməsinə imkan verir.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işçi qrupun iclasında vurğulanıb.

İclasda yeni meyarların üstünlükləri qeyd olunub. Bildirilib ki, həmin meyarlar əsasında şəxsin 7 istiqamət – özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə həyat fəaliyyətinin məhdudlaşma dərəcəsi əsas götürülməklə təyinat aparılacaq.

Bu da əlillik təyinatlarına daha həssas və obyektiv, ünvanlı yanaşmanı təmin edir, eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarını artırır.

İclasda tətbiq olunacaq yeni meyarlarla bağlı sosial təminat, o cümlədən orqanizm funksiyasının pozulması meyarına uyğun şəkildə sosial ödənişlərin formalaşdırılması və həyata keçirilməsi məsələləri, müvafiq təkliflər müzakirə olunub.

Əvvəlki məqaləTikintinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilir
Növbəti məqaləƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi