Mənzil İnşaatı Dövlət Agentliyi yeni mənzilləri satışa çıxardı

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin satışı bu il martın 30-da saat 11:00-da başlayacaq və aprelin 8-i saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA)  AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi aprelin 4-ü saat 11:00-da başlayacaq və aprelin 8-i saat 11:00-dək davam edəcək.

Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla “www.mida.gov.az” və “www.mida.az” internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 442 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2018-ci il 29 noyabr tarixli, 2018-ci il 7 dekabr tarixli müsbət rəyləri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti 33 min 222 manatdan, 1 otaqlı mənzillərin qiyməti 33 min 222 manatdan, 2 otaqlı mənzillərin qiyməti 53 min 941 manatdan, 3 otaqlı mənzillərin qiyməti 69 min 84 manatdan, 4 otaqlı mənzillərin qiyməti isə 91 min 770 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin “www.yasamal2.mida.gov.az” internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla “www.mida.gov.az” və “www.mida.az” internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” Çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.