“Daxili ticarət haqqında” qanun layihəsi hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

“Ümid edirik ki, sənədlə bağlı bu il dövlət qurumları arasında əlaqələndirmə prosesləri yekunlaşacaq və sənəd hökumətə təqdim olunacaq”, – deyə o, qeyd edib.

M.Abbasbəyli həmçinin əlavə edib ki, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri müəyyən problemlərlə qarşılaşır və “Daxili ticarət haqqında” qanun məhz bu problemləri həll etmək üçün qəbul olunacaq: “Bizim yanaşmamız gördüyümüz problemlərin həlli üzrə qanunda normativ baza yaradılmasından ibarətdir. Yeni qanunda satış şəbəkələrinə daxil olma imkanları, rəflərdən istifadə üzrə xidmət haqqının müəyyən edilməsi kimi məsələlər nəzərdə tutulub. Ödəniş məsələləri rəqabətə mənfi təsir göstərir. Məsələn, hansısa sahibkar müqavilə bağlayır və böyük şəbəkələrə məhsulunu satır. Onlar da böyüklükdən istifadə edib ödənişləri gecikdirir. Bu qanunun əsas istiiqamətlərindən biri bu tənzimləmənin müəyyənləşdirilməsidir. Bununla kiçik və orta biznes subyektlərinin şəbəkələrdə məhsullarını satmaq üçün əlçatanlığı təmin ediləcək”.