Tarif Şurasının bu statusu ləğv edildi

Tarif (qiymət) Şurasının cari fəaliyyətinin təşkili üçün yaradılan Şuranın Katibliyi ictimai əsaslarla fəaliyyət göstərəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Digər dəyişikliyə görə, Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqan olacaq. Bundan əvvəl Şura kollegial icra hakimiyyəti orqanı statusunda olub.

Bundan əvvəl Şuranın Katibliyi Azərbaycan Respublikasının Dövlət gerbi və onun adı əks olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malik olub. Bundan sonra Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. Katibliyin işçiləri də bundan sonra dövlət qulluqçusu hesab edilməyəcəklər.

Vergilər Nazirliyi ləğv edildiyi üçün vergilər nazirinin müavini də Tarif (qiymət) Şurasının üzvləri sırasından çıxarılıb.

Əvvəlki məqaləSatınalmalarda iştirak edən şirkətlər üçün yeni öhdəlik müəyyənləşir
Növbəti məqaləAzərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi – SİYAHI