Bu şəxslərə şərti əmək pensiyası təyinatı aparılacaq

Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir.

Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.

Təklif olunan maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.