Bu atributlar və simvollara görə cinayət məsuliyyəti müəyyənləşir

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.

Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.