Əlilliyin təyin olunması ilə bağlı komissiya yaradılıb

“Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq, bu sahədə islahatlar aparmaq istəyirik”.

“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur , həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlara ehtiyac var.

“Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir. Prosesi tam şəffaflaşdırmaq, hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə üzləşməməsini təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, haqqı çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya, normativ hüquqi baza və prosedur baxımından təkliflər hazırlayır”,- deyə nazir qeyd edib.