Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

Nazirlər Kabineti (NK) 2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini müzakirə edib.

NK-nın mətbuat xidmətinin bu gün, sentyabrın 24-də yaydığı məlumata görə, baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən toplantıda nazirlər, komitə sədrləri və hökumətə daxil olan başqa qurumların rəhbərləri iştirak ediblər.

Müzakirə mövzusu 2019-cu il üzrə dövlət və icmal büdcənin layihələri, sonrakı üç il üzrə icmal büdcənin göstəriciləri olub. Hökumət Azərbaycanın 2019-cu il və gələn üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini də gözdən keçirib.

Dövlət büdcəsi layihəsi haqda danışan Novruz Məmmədov, onun əldə olunan nailiyyətlər zəminində, dünyada gedən qlobal maliyyə-iqtisadi prosesləri nəzərə alınmaqla tərtib edildiyini bildirib. Baş nazirin sözlərinə görə, layihə hazırlanarkən büdcənin sosial yönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb.

Qeyri-neft sektorunun inkişafına dəstək verilməsinə xüsusi diqqət ayrıdlığını ifadə edən baş nazir müdafiə, təhlükəsizlik, beynəlxalq fəaliyyət kimi mühüm amillərin də önəmli olduğunu vurğulayıb.

Büdcə layihəsi sənədləri müzakirə edildikdən sonra məqbul hesab edilib. Qərara alınıb ki, büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilsin.

Ancaq layihənin detalları, hələlik, ictimaiyyətə açıqlanmayıb.

Xatırlatma

2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan bu il iyunun 29-də büdcəyə dəyişiklik edildi.

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı. Hazırda Azərbaycan neftinin qiyməti 80 dollar civarında dəyişir. (Azadlıq Radiosu)