Həkimlər ixtisar ediləcək?

Həkim: “Həkimlərin ixtisar xəbəri şöbə müdirlərinin əlində fürsətə çevrilib”

Gələn ilin ilk aylarından paytaxtın bir neçə xəstəxanasında, o cümlədən Klinik Tibbi Mərkəzdə (Semaşko) icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub. Artıq xəstəxananın əməkdaşlarına həkimlərin ən azı 40 faizinin ixtisara salınacağı ilə bağlı xəbərdarlıq edildiyi deyilir.

Adını açıqlamaqdan çəkinən cərrahlardan biri Meydan TV-yə bildirib ki, həkimlər peşəkarlığına görə deyil, yalnız xəstə sayına görə işdə saxlanılacaqlar. “Deyirlər ki, kimin xəstəsi çoxdur, onunla müqaviləni yeniləyəcəyik. İndi çoxu xəstə cəlb etməyin yollarını axtarır Bir sözlə, icbari tibbi sığorta çox həkimi işsiz qoya bilər” – həkim danışır.

Onun sözlərinə görə, kimi özü haqda məqalələr yazdırır, kimi də qapıda dayananlara xəstə göndərmək üçün faiz verir.

Xəstəxananın doğum şöbəsinin həkimi isə söyləyir ki, həkimləri belə çıxılmaz vəziyyətdə saxlamaq olmaz: “Həkimlərin ixtisar xəbəri şöbə müdirlərinin əlində fürsətə çevrilib. Hansı həkimlə ədavətləri varsa, onu işdən çıxarmaqla qorxudurlar”.

Tibbi Klinik Xəstəxana paytaxtın ən böyük xəstəxanalarından biridir, 1900-dən çox əməkdaş il ərzində ümumilikdə 90 minə yaxın xəstəyə tibbi xidmət göstərir. İcbari tibbi sığortanın tətbiqindən əvvəl xəstəxana publik hüquqi şəxsə çevriləcək, yəni özü özünü maliyyələşdirəcək.

“Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub, amma 2017-cu ildən pilot layihə kimi Mingəçevir və Yevlax şəhər xəstəxanalarında, sonradan isə Ağdaş rayon xəstəxanasında tətbiq edilib.

Xəstəxanadan Meydan TV-nin sualına cavab olaraq deyilib ki, dövlət nə qərar versə, o da olacaq. Xəstəxana publik hüquqi şəxsə çevriləndən sonra işçilər də yeni sistemə alışacaqlar:

“Bəllidir ki, xəstəxana özünü maliyyələşdirəcək, çarpayı sayına görə deyil, xəstə sayına uyğun maliyyə ayrılacaq. Həkimlərə belə məlumat verilib, yəqin onlar yanlış anlayıblar”.

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, icbari tibbi sığorta sistemi ilə bağlı məsələ onların səlahiyyətində deyil. Amma yaxın aylarda bir neçə xəstəxanada icbari tibbi sığortanın tətbiq ediləcəyini açıqlayıblar. Bundan əlavə, ailə həkimi ilə bağlı məsələ də gündəmdədir, pilot layihə kimi tətbiqinə baxılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə deyirlər ki, sığortanın tətbiq olduğu xəstəxanalarda tibbi heyət sığortanın tətbiqindən çox məmnundu:

“Çünki həkimlərin maaşı yüksəlir. Məsələn, 2016-cı ildə Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 94.6 faizinin, Yevlax RMX-da isə 93.6 faizinin maaşı 105-250 manat həcmində olub. Ötən ildən icbari tibbi sığortanın (İTS) tətbiqindən sonra Mingəçevir ŞMX və Yevlax RMX-da fəaliyyət göstərən orta tibb işçilərinin əmək haqlarına əlavələr edilib. Nəticədə Mingəçevir ŞMX-da çalışan orta tibb işçilərinin 68 faizinin, Yevlax RMX-da isə 30 faizinin məvacibi 251-450 manata yüksəlib”.

Həkimlər isə deyirlər ki, sosial şəbəkələrdə səhifələr yaradıblar, bəziləri əməliyyatların, bəziləri isə müayinələrin görüntülərini paylaşırlar. Çünki telekanal və saytlar qiyməti artırıblar.

Milli Məclis isə icbari tibbi sığortaya keçmək üçün qaydaları asanlaşdırmağa çalışır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirələr aparılıb.