QHT rəhbəri məhkəməyə verilib

“Salyan Oil LTD” şirkəti və onun nəzdində fəaliyyət göstərən Həmkarlar İttifaqları Komitəsi Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı və şirkətin iki keçmiş əməkdaşı – Zəkayət Abdullayeva və Mehparə Əliyevaya qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə sözügedən QHT-nin bəyanatında deyilir.

Şirkət cavabdehlərdən maddi və mənəvi ziyanın ödənilməsini (hər birindən 15 min manat) və onları müdafiə edən QHT-dən 35 min manat tələb edir.

İddiaya adı çəkilən əməkdaşların işdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməsi və Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi tərəfindən onların müdafiəsi səbəb olub.

QHT hesab edir ki, “Salyan Oil LTD” şirkəti iddia verməklə həm keçmiş əməkdaşlarını, həm də İctimai Birlik rəhbərini təqib edir. QHT hesab edir ki, “Salyan Oil LTD” bununla qanunvericiliyi pozur. Xüsusən, şirkət Konstitusiyanın hüquqi yardım almaq hüququ, hüquq və azadlıqların təmin edilməsi haqqında maddələrini pozur. Bundan başqa, neft şirkəti ictimai birliklər haqqında qanunun müddəalarına hörmətsizlik nümayiş etdirib.

Hələlik “Salyan Oil LTD”-dən şərh almaq mümkün olmayıb.

Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi 1996-cı ildə neft və qaz sektoru işçilərinin hüquqlarının müdafiəsi, energetika sektorunda layihələrin həyata keçirilməsinə vətəndaş nəzarətinin həyata keçirilməsi məqsədilə yaradılıb.

“Salyan Oil LTD” şirkəti Kürsəngi-Qarabağlı neft yataqlarının işlənməsi üzrə layihənin operatorudur. Onun səhmdarları SOCAR (20%) və Çinin China National Petroleum Company-dir.

Turan İnformasiya Agentliyi